"2024-2025-ci tədris ilində təhsildə ciddi inkişaf dinamikası gözlənilir. Yəni müəyyən dəyişikliklər ola bilər".
Bu sözləri demokrat.az-a açıqlamasında təhsil eksperti Vüsal Kərimli deyib.
O bildirib ki, təhsil sistemində bu il daha yaxşı nəticələr gözlənilir.
"Dəyişikliklərdən biri də universitetlərin elmi araşdırması və istinadlarla bağlı keyfiyyət göstəricilərinin ölçülməsidir. Bu göstəricilərlə bağlı işlərin aparılması məsələsi gündəmə gələcək. Reytinqlərdə iştirak edən universitetlərin sayı və universitetlərin beynəlxalq reytinqlərdə yüksəlməsi gözlənilir. Düşünürəm ki, bu istiqamətdə xeyli işlər görülüb. Bu il daha yaxşı nəticələr görəcəyik. Eyni zamanda, bu il distant təhsilin başlanması ilə bağlı müəyyən işlər görüləcək. Daha doğrusu, mövcud vəziyyəti yaxşılaşdırmaq üçün qiymətləndirmə kriteriyaları üzərində işlər aparılacaq. Düşünürəm ki, 12 illik təhsil və bakalavriat pilləsinin 3 ilə keçilməsi ilə bağlı məsələlər müzakirəyə çıxarılacaq".
Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, elm və təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri "Sherg.az"a bildirib ki, hər il yeni tədris prossesində 12 illik təhsil bazasına keçid və bakalavriat pilləsinin 3 ilə endirilməsi ilə bağlı müzakirələr başlayır:
''Lakin bununla bağlı rəsmi məlumatlar yoxdur. Bildiyiniz kimi, yeni çağırış parlamenti hələ fəaliyyətə başlamayıb. Ona görə də mövzunun orada müzakirə edilib-edilməyəcəyini və əlavələrin olacağı bəlli deyil. Digər tərəfdən təhsildə o qədər problemlər var ki, təhsilin 12 illik və yaxud bakalavriat səviyyəsinin 3 illik olması təhsil ictimaiyyətindən tutmuş sıravi vətəndaşlar tərəfindən ciddiyyətlə qəbul olunmur. Yalnız Elm və Təhsil Nazirliyi Emin Əmrullayev jurnalistlərin suallarına cavab verdikdə həmin mövzu gündəmə düşür. Lakin daha sonra isə öz aktuallığını itirir. Bir sözlə, hazırda 12 illik təhsilə, 3 illik ali təhsilə keçidlə bağlı bəzi açıqlamalar formal xarakter daşıyır".