Ölkədə rəqabət məcəlləsi qəbul olunmalıdır

Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi 

Natiq Cəfərli: "Yerli icra başçıları ilə bağlı qanunvericilikdə məsuliyyət və səlahiyyət bölgüsü də öz əksini tapmalıdır"


Azərbaycanda sahibkarlıq fəaliyyəti qədim tarixə malik olmaqla böyük inkişaf yolu keçib. Ölkəmizin malik olduğu müxtəlif təbii sərvətlər həm xarici iş adamlarının ölkəyə gəlməsinə, həm də yerli sahibkarlığın inkişafına əvəzsiz şərait yaratdıb. Azərbaycan ən qiymətli sərvətlərdən olan neft ölkəsidir. Hələ XIX əsrdə Azərbaycanda neft hasilatı üzrə dünyada böyük nüfuza malik sahibkarlar, milyonçular yetişib. Həmin milyonçuların ölkəmizin iqtisadi inkişafında, xüsusilə neft hasilatı və emalı sənayesinin inkişafında əhəmiyətli rolu olub. 

Dövrünün böyük nüfuz sahibləri olan bu insanlar ölkədə binalar, məktəblər, teatrlar, xəstəxanalar tikdirib, əhalinin böyük hissəsini işlə təmin ediblər. Bu günləri də ölkədə sahibkarlığın daha da inkişafı üçün biznes mühitinin daim yaxşılaşdırılması, müvafiq qanunvericilik bazasının təkmilləşdirilməsi, yerli və xarici investisiyaların, müasir texnologiyaların, idarəetmə təcrübəsinin cəlb edilməsi və bu yolla yüksək keyfiyyətli, rəqabət qabiliyyətli məhsulların istehsal edilməsi Prezident İlham Əliyevin müəyyən etdiyi iqtisadi inkişaf strategiyasının prioritetlərindəndir. Sahibkarlığa dövlət himayəsinin sistemli şəkildə həyata keçirilməsi, sahibkarlara dəstək tədbirlərinin səmərəsinin yüksəldilməsi bu sahədə mühüm nailiyyətlərin əldə edilməsinə səbəb olub. Bu gün dövlət-sahibkar münasibətləri inkişaf edir, sahibkarlığın dövlət tənzimlənməsi sisteminin təkmilləşdirilməsi istiqamətində əhəmiyyətli addımlar atılır. Belə ki, sahibkarlara güzəştli şərtlərlə kreditlər verilir, investisiya təşviqi proqramı çərçivəsində müxtəlif layihələr reallaşdırılır, yeni sənaye zonaları yaradılır, müxtəlif ölkələrə ixrac missiyaları təşkil olunur, eləcə də ticarət evləri açılır. Dövlət başçısı İlham Əliyev daim çıxışlarında sahibkarlara mühüm şəraitin yaradılması barədə göstərişlər verir. 

Ötən gün Prezident İlham Əliyev Rafiq Cəlilovu Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı və Rəşad Tağıyevi Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı təyin olunmaları ilə əlaqədar videoformatda qəbul edərkən vurğulayıb ki, bütün ölkə üzrə bütün quruculuq-abadlıq işləri dövlət investisiya xətti ilə görülüb və sahibkarlara şərait yaradılmalıdır. O, çıxışında vurğulayıb ki, sahibkarlara imkanlar verilməlidir ki, onlar gəlib öz vəsaitlərini qoysunlar və iş yerləri yaratsınlar: "Ancaq iş görmək istəyən sahibkar bəzi hallarda problemlərlə üzləşir, ona qarşı hansısa əsassız tələblər qoyulur, ondan pay istənilir və sahibkar da küsüb gedir, ümumiyyətlə, nə iş yeri yaradır, nə müəssisə yaradır, çıxıb gedir. Bu hallar da var. Buna da son qoyulmalıdır. Sahibkar əmin olmalıdır ki, o ancaq dövlətin vergisini ödəməlidir, vəssalam".

Azərbaycanda investisiya mühitinin qorunması üçün bir neçə tədbirlərə ehtiyac olduğunu qeyd edən iqtisadçı-ekspert Natiq Cəfərli "Şərq"ə açıqlamasında vurğulayıb ki, əsas tədbirlərdən biri ölkədə rəqabət məcəlləsinin qəbul olunmasıdır. Ekspert qeyd edib ki, investisiyaların qorunması üçün qanunvericilik bazasının təkmilləşdirilməsi də çox mühümdür:

 "Ən əsası isə bu sahədə ədalətli və tez çalışan məhkəmə sistemi tam bərqərar olmalıdır. Çünki bunlar investorlar üçün ən vacib amillərdən biridir. 

Ümumiyyətlə, regionlarda icra başçılarının investisiyaları cəlb etmək üçün onların səlahiyyətləri o qədər də tam deyil. Yerli icra başçıları ilə bağlı qanunvericilikdə məsuliyyət və səlahiyyət bölgüsü də öz əksini tapmalıdır, yəni onları investorlara cəlb etmək üçün hüquqi baza yaradılmalıdır.

 Amma ümumilikdə götürəndə investisiyaların qorunması üçün fəaliyyət dövründə süni maneələr aradan qaldırılması vacibdir. 

Məhkəmə hakimiyyətinin nüfuzunun və ədalətli tez qərar vermə mexanizminin yaradılması investisiya üçün əsas şərtlərindən biridir, bəlkə də birincisidir.  Ona görə də tək regionlarda yox, ümumiyyətlə, həm Bakıda, həm də bütün ölkə ərazisində investisiyaların cəlb olunması üçün investisiya mühitinə pis təsir edən amillərin hamısının aradan qaldırılması əsas şərtdir. Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafı qarşısında duran əsas maneələrdən biri də inhisarçılıqdır.  İnhisarçılıq bu gün bütövlükdə ölkə iqtisadiyyatının inkişafı qarşısında ən böyük maneələrdən biridir”.

 Aynurə Pənahqızı