Acı kofe


- O acı olur- Qarşımdakı insan sifariş verdiyim kofe növü barədə xəbərdarlıq etdi. Düzü, məhəl qoymadım. Hətta, məhz bu sözlərdən sonra içki mənə daha da maraqlı gəldi. Öz- özümə "Nə qədər acı ola bilər ki?" deyə düşündüm. Həmsöhbətim daha bir söz demədi. Çox keçmədi ki, kofe gəldi. Acılığı ilk qurtumlarda hiss etdim. Amma, necə deyərlər, özümü o yerə qoymamağa çalışdım və yarıyadək içəndən sonra stəkanı özümdən uzaqlaşdırdım.

Təxminən yarım keçdi. Üzbəüz oturduğum insan qəfil sözünü yarımçıq qoyub yarıdolu stəkana işarə edərək istehza ilə soruşdu: "Nə oldu? Niyə içmədiz?". Sonra da əlavə etdi: "Sizə demişdim axı...". Haqlı idi. Demişdi. Amma onsuz da həmişə belə olmurmu? Kənardan nə qədər xəbərdarlıq edilsə də, çox vaxt burnumuzun dikinə gedirik, bildiyimizdən əl çəkmir, özümüzü hamıdan ağıllı hesab edirik. Əslində qınanılası deyil. Bu, məhz insana, düşünə bilən varlığa məxsus olan xüsusiyyətdir. Daim yenilik axtarırıq. Seçdiklərimiz, sevdiklərimiz barədə deyilənlərə əhəmiyyət vermirik. Əksinə, qulaq ardına vururuq. Eşitmək istəmirik. Dünyanın ancaq öz ətrafımızda fırlandığını düşünürük. Bu gün jurnalistikadakı ilk illərimdən bəri mənə dəstək olan, yol göstərən bir nəfərlə söhbət edirdim. Dedi ki, bəzən bir nəfəri böyüdüb dünya edir, bəzən də dünyanı kiçildib bir nəfərə sığdırırıq. Elə bilirik ki, dünya ondan kənarda mövcud deyil. Çünki hipnoz altında oluruq. Başqa heç nə görmürük, eşitmirik, hiss etmirik. Ta ki, ağrını, acını tam duyanadək. İlk vaxtlar səhv addım atdığımızı qəbul etmirik. Öz- özümüzə "Ola bilməz" deyirik, barışmırıq. Necə ki, mən də həmin içkinin acı tamını dadmağıma rəğmən, ilk qurtumdaca stəkanı qırağa itələmədim. Xeyli, az qala, ürəyim bulananadək içdim. Ən son anda səhv seçim etdiyimi, yanıldığımı anladım. Amma artıq gec idi. Doymuşdum deyə, sərin, saf, duru suya yerə yox idi. Masanın üzərindəki mineral suya da qəzəbli gözlərlə baxırdı. Sanki hər şeyin günahkarı o imiş kimi...

Kənan Novruzov