Vəzifə cinayətinə və dələduzluq əməllərinə görə cinayət məsuliyyətinə cəlb olunan, bu gün müalicə aldığı xəstəxanada koronavirusdan vəfat edən Milli Məclisin sabiq üzvü Cəbrayılov Rafael Kamil oğlu barəsində açılan cinayət işinə xitam verilə bilər.
Bu barədə Oxu.Az-a Vəkillər Kollegiyasının üzvü Rəşad Əliyev bildirib.
Vəkilin sözlərinə görə, cinayət təqibini istisna edən hallardan biri də şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra ölməsidir:
“Bu halda onun barəsində cinayət təqibinə xitam verilir. Ancaq burada ölən şəxsə bəraət verilməsi zəruri olduğu hallar istisna edilir. Yəni, məhkəmə baxışının gedişində cinayət təqibinə şəxsin ölümü ilə əlaqədar xitam verilirsə, buna ölmüş şəxsin hüquqi varisinin, hüquqi varis müəyyən edilmədiyi halda isə müdafiəçinin razılığı ilə yol verilir.
Təqsirləndirilən şəxsin hüquqi varisi onun hüquq və vəzifələrini cinayət işi üzrə icraat zamanı həyata keçirmək istəyini bildirən yaxın qohumlarından biri hesab edilir.
Qanunvericiliyin tələbinə görə, təqsirləndirilən şəxs öldükdə cinayət prosesini həyata keçirən orqan şəxsin öldüyü vaxtdan 3 gün müddətində onun yaxın qohumlarına şəxsin hüquqi varisi qismində tanınmaq istəyinin olub-olmaması barədə yazılı bildiriş göndərir və ya təqdim edir. Həmin bildirişdə şəxsin ölməsi ilə əlaqədar cinayət təqibinə xitam verilməsinin bəraətverici əsas hesab edilmədiyi barədə müvafiq izah da verilir. Ölmüş şəxsin yaxın qohumu cinayət təqibinə xitam verilənədək müvafiq istəyini bildirdikdə onun hüquqi varis qismində tanınması barədə qərar qəbul edilir.
Təqsirləndirilən şəxsin hüquqi varisi ölmüş şəxsin həmin cinayəti törətmədiyini və cinayət təqbininin davam etməsini istəyirsə, cinayət təqibi davam edir. Məhkəmədə həmin şəxsə qarşı ittihamlar təsdiqini tapmasa, ölmüş şəxslə bağlı cinayət işinə bəraətverici əsasla xitam verilir”.
Vəkil mərhumun borcları ilə bağlı məsələnin tənzimlənməsi ilə bağlı məsələyə də münasibət bildirib:
“Əgər şəxs dünyasını dəyişən zamana qədər hər hansı borcu varsa, həmin borc onun mirasını qəbul etmiş şəxslərə keçir. Qanunla onun mirasını kim qəbul edirsə, həmin borcların da ödənilməsini də o həyata keçirməlidir. Təbii ki, əgər mirası qəbul edən şəxs varsa”.
Qeyd edək ki, mətbuatda yayılan və indiyədək təkzib edilməmiş məlumatlara görə, Rafael Cəbrayılov 8 nəfəri müxtəlif vədlərlə aldadaraq onların ümumilikdə 1 milyon 550 min dollar pulunu mənimsəyib. Həmin şəslər aşağıdakılardır:
Təranə Fətəliyeva - 300 000 dollar,
Məlahət Qurbanova - 580 000 dollar,
Xatirə Nəcəfova - 200 000 dollar,
Yusif Orucov - 200 000 dollar,
Aynur Kazımova - 100 000 dollar,
Şəfa Məmmədova - 80 000 dollar,
Bəşir Məmmədov - 60 000 dollar,
Allahverdi Səfərəliyev - 30 000 dollar.