“Dönər şəhid övladlarına pulsuzdur” - Reklamdır, yoxsa diqqət!? – Fikirlər haçalandı!  

Bahadur Hoca: “Hansısa şəhid ailəsinə yardım etmək istəyirsənsə, sat dönərini, 100-200 manat yığ, get sakitcə ziyarət elə, gedəndə də  nəsə al apar. Vəssalam”

Rey Kərimoğlu: “Şəhid ailələri və qazilərin şəraitləri elə qurulmalıdır ki, bir problemləri olmasın. Amma hələlik onların əlavə yardıma ehtiyacları var. Bu istiqamətdə kim dəstək verirsə, Allah köməyi olsun”   

Vətən müharibəsindən sonra bir sıra iaşə obyektlərində, özəl müəssisələrdə, restoranlarda şəhid ailələrinə dəstək məqsədilə elanar asılıb. Məkan sahibləri şəhid yaxınlarına xidmətin pulsuz olduğunu bildiriblər.

Məsələn, paytaxda fəaliyyət göstərən “Zurna” dönər evinin qapısına “Şəhid övladlarına ödənişsizdir. Ataları ödəyib” sözləri yazılıb.
 Lakin, bu addım sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Jurnalist Bahadır Hoca  Feysbuk profilində həmin dönər evinin fotosunu paylaşaraq yazıb:
“Buna bənzər elanlar əsasən reklam xarakterlidir. Birincisi, heç bir şəhid övladı özünə sığışıdırıb, gedib hansısa dönərxananın qarşısında durub deməz ki, mən şəhid övladıyam, dönər ver. İkincisi də, şəhid ailələri sahibsiz buraxılmayıblar. Onlara istər dövlət, istərsə də yardımsevər insanlar  daim diqqət və qayğı göstərirlər. Belə ucuz reklamla özünüzü biabır etməyin. Ola bilsin ki, kimsə vətənpərvərlik hissinə qapılıb etsin. Amma onları da başa salmaq lazımdır ki, bu doğru deyil. Hansısa şəhid ailəsinə yardım etmək istəyirsənsə, sat dönərini, 100-200 manat yığ, get sakitcə ziyarət elə, gedəndə də  nəsə al apar. Vəssalam”.

 Məlum elanlarla bağlı “Sherg.az”a danışan Qarabağ qazisi, hərbi jurnalist Rey Kərimoğlu qeyd edib ki, məsələyə bir neçə konteksdən yanaşmaq olar:

“Bahaduru da başa düşürəm, fikirlərində həqiqət var. Ümumiyyətlə, hər işi qaydasında gördükdə gözəl olur. Kiminsə ürəyindən keçib yaza bilər, səmimi işləri alqışlayırıq. Doğrudur, insanların gerçək niyyətlərini bilmirik. Bahadır demiş, reklam xarakterlidirsə, ayıb olsun. Lakin ideyası pis deyil, dəstək verir, münasibətini bildirir. Məsələn, 44 günlük Vətən müharibəsində əsgərlərimiz hərtərəfli təmin olunmuşdular, əlavə ərzağa, yardıma ehtiyacları yox idi. Ancaq millətimiz əlindən gələni əsirgəmir, onlara pay göndərirdilər. Bəzən sadə yumurta-kartof  soyutması bişirib əsgərə yollayırdılar. Savaşçılarımızın ehtiyacları olmasa da, həmin paylarla xalqın qayğısını hiss edirdilər. Məsələyə bu konteksdən yanaşanda yaxşıdır. Amma  şəhid övladının pulsuz dönərə ehtiyacının olması pis haldır. Fikrimcə, belə bir durum da yoxdur. Dönərxanaya tək  şəhid balası deyil,  bir imkansız gedib pulsuz dönər istəsə, verərlər”.

 Ekspertin fikrincə, şəhid ailələrinə və qazilərə sosial qayğıya ehtiyacı olan insanlar kimi baxılmamalıdır:

“Şəraitləri elə qurulmalıdır ki, bir problemləri olmasın. Bu həm də dövlətimizin, cənab Ali Baş Komandan İlham Əliyevin siyasətidir. Dövlət şəhid ailələrini, qaziləri evlə, təqaüdlə təmin edir. Hələlik  əlavə yardıma ehtiyacları var. Bu istiqamətdə kim dəstək verirsə, Allah köməyi olsun”.