"Birinci mərhələ yekunlaşıb, DNK analizləri götürülüb"


Əvəz Həsənov: "Naməlum qəbirlər barədə Ermənistan tərəfi də məlumat verməlidir"

"Naməlum qəbirlər daha çox Birinci Qarabağ müharibəsi zamanı şəhid olmuş və ya itkin hesab edilənlərə aid olacaq"

"Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə birlikdə Beynəlxalq Qızıl Xaç Komitəsi 90-cı illərdə itkin düşmüş şəxslərin ailə üzvlərinə baş çəkərək illər ərzində onlar haqqında ətraflı məlumatların toplanması layihəsini həyata keçirir". Bunu BQXK-nın Bakı nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova deyib. O bildirib ki, bu məlumatlar Dövlət Komissiyasının bazasında saxlanılır: "Hazırda da BQXK Dövlət komissiyası ilə birlikdə itkin düşmüş şəxslərin ailə üzvlərindən bioloji nümunələrin toplanması layihəsini həyata keçirir. Hər iki layihə gələcəkdə eksqumasiya zamanı tapıla biləcək insan qalıqlarının identifikasiyasında istifadə olunacaq. Bu, həmin şəxslərin kimliyini aydınlaşdırmaq üçün böyük texniki dəstəkdir. Naməlum qəbirlərin açılması Dövlət Komissiyasının rəhbərliyi ilə həyata keçirilir, BQXK burada müşahidəçi qismində iştirak edir. Amma BQXK buna texniki dəstək verməyə hazırdır. Bizim tibbi ekspertlərimiz var ki, onlar da böyük təcrübəyə malik mütəxəssislər olaraq lazım gəldikdə dəstək verməyə hazırdırlar".
İ.Hüseynova qeyd edib ki, Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) bu ilin yanvar-iyun ayları ərzində neytral vasitəçi qismində iştirakı ilə son döyüşlərin təsirinə məruz qalan ərazilərdə meyitlərin axtarışı və götürülməsi üçün 182 əməliyyat təşkil edib. Onun sözlərinə görə, 283 bioloji referent nümunəsi 1990-ci illərdə itkin düşən şəxslərin 118 ailəsindən toplanıb: "3 müşayiətçi bioloji referent nümunələrinin toplanması prosesi zamanı itkin düşmüş şəxslərin ailələrinə dəstək göstərib”. 

Humanitar Tədqiqatlar Cəmiyyətinin sədri, konfliktoloq Əvəz Həsənov ”Şərq”ə açıqlamasında bildirib ki, Birinci Qarabağ müharibəsi zamanı, qızğın döyüşlərin getdiyi ərazilərdə bəlli sayda naməlum qəbirlərin olması məlum idi. Bu qəbirlərin kimlərə mənsubluğunun müəyyənləşməsi və cəsədlərdən DNK analizlərinin alınması üçün uzun müddət danışıqlar aparılmasına baxmayaraq, bu, mümkün olmamışdı.

 Buna yalnız indi, Azərbaycan ordusu öz ərazilərini işğaldan azad etdikdən sonra nail olundu. İtkin düşmüş hesab edilən şəxslər vardı ki, onlar haqqında müəyyən məlumatlar əldə edilmişdi. Onların da müəyyən olunması üçün qəbirlərin açılması və DNK analizlərinin alınması vacibdir:

- Belə deyə bilərəm ki, işin birinci mərhələsi artıq yekunlaşıb. Birinci mərhələdə itkin düşmüş hesab edilən şəxslərin valideynlərindən, ailə üzvlərindən DNK analizləri götürülüb. İkinci mərhələdə bu analizlərlə cəsədlərdən götürülmüş analizlər tutuşdurulmalı, uyğunluq dərəcəsi müəyyənləşməlidir. Hesab edirəm ki, birinci mərhələ başa çatıbsa, proses artıq sürətlənəcək. Naməlum qəbirlər barədə Ermənistan tərəfi də məlumat verməlidir. Çünki işğal müddətində onların bu haqda məlumatlara malik olması daha realdır.  Düşünmürəm ki, naməlum qəbirlər ermənilərin Qarabağ ərazisində kompakt yaşadığı yerlərdə olsun. Belə qəbirlər daha çox Birinci Qarabağ müharibəsi zamanı döyüşlər getmiş ərazilərdədir. O zaman siyasi təlatümlər səbəbindən bu məsələlər ciddi araşdırılmadı. Qarabağın azərbaycanlı əhalisi evlərini tələm-tələsik tərk etmişdi, bəzən hərbi hissələr də şəhid olmuş və ya itkin düşmüş hesab edilən əsgərlər, döyüşçülər barədə dəqiq məlumata sahib deyildilər. Hansı istiqamətlərdə qızğın döyüşlər gedib, nə qədər itki olub, bunlar haqqında məlumatlar toplanmadı. Buna görə də o zaman proses irəliyə aparılmadı. O zaman məlumatlar isti-isti əldə edilsəydi, indi bizim kifayət qədər məlumat bazamız olardı. Amma 44 günlük Vətən müharibəsində girovların qaytarılması, döyüş zonasındakı cəsədlərin məhz Azərbaycan  tərəfindən ərazidən çıxarılması prosesi sürətlə aparıldı. Ona görə də sahibinin kimliyinin müəyyənləşməsi lazım gələn naməlum qəbirlər daha çox Birinci Qarabağ müharibəsi zamanı şəhid olmuş və ya itkin hesab edilənlərə aid olacaq.