Psixoloqlardan mütləq məsləhət alınmalıdır

Pandemiya vəziyyəti daha da ağırlaşdırıb

Ünsiyyət qıtlığı, özgüvənin məhv olması, intihar hallarının artmasına səbəb olub

Qaradağ rayonu Müşfiqabad qəsəbəsində 16 yaşlı A.E-nin yaşadığı binanın 9-cu mərtəbəsindən atılaraq intihar etməsi ilə bağlı məlumat yayılıb. Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu bildirib. Onun sözlərinə görə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Qaradağ rayon İcra Hakimiyyətinin Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyası ilə dərhal əlaqə saxlanılıb: "Komissiyadan Dövlət Komitəsinə verilən məlumata görə, 16 yaşlı A.E əslən Yardımlı rayonundandır və Müşfiqabad qəsəbəsində valideynləri ilə birgə kirayəşin kimi yaşayırmış. İlkin ehtimala görə, intihar ailə münaqişəsi zəminində baş verib. Hazırda aidiyyəti qurumlarla birgə hadisənin başvermə səbəbi araşdırılır".

İntihar hadisələri, təəssüf ki, istisna hallar kateqoriyasından çıxmaqdadır. Xüsusilə də son zamanlar. İntihar hallarının artmasında pandemiyanın təsirləri də gözardı edilmir. Əksinə, mütəxəssislər, məhz pandemiyanın zərərli təsirlərinin insanların psixologiyasına mənfi təsir etdiyini, xüsusən də yeniyetmə və gənclərin bu vəziyyətdən daha çox təsirləndsiyinə diqqət çəkirlər. İstanbul Okan Universitetinin Psixlogiya Bölümünün klinik uzmanı, psixoloq Emel Güler uşaq və yeniyetmə psixologiyasının pandemiyadan zərər çəkə biləcəyini vurğulayıb. Türkiyə mediasında yer alan məluamata görə, psixoloq qeyd edib ki, pandemiya kimi mürəkkəb şəraitlərə uyğunlaşa bilən, vəziyyətdən çıxış yolu tapan, orqanizmin sağlamlığı ilə bərabər, ən əsası psixoloji durumunu – ruhi sağlamlığını qoruya bilən insanlar psixoloji sağlam sayılır. COVİD-19 pandemiyası və özüylə birlikdə gətirdiyi çətinliklər insanlara, o cümlədən uşaq və yeniyetmələrə də böyük bir stress yaşatmaqdadır: 

- Psixoloji sağlamlıq, risk faktorları və qoruyucu faktorlar, pandemiya dönəmində uşaqların,  yeniyetmə və gənclərin verdiyi təpkilər öyrənilməli, sağlam psixologiyaya malik olmanın özəllikləri müəyyən edilməlidir. Nəticələr hansı addımların atılmalı olduğunu göstərəcək. Çətin dönəmlərdə insanlar özlərini güvəndə hiss etmək, hər şeyin nəzarət altında olduğuna inanmaq istəyir. 

Onlarda bu inamı yaratmaq üçün koronavirusun üzərinizdəki təsirlərini azaltmağa çalışmalısınız. Bunun üçün də ilk növbədə ailə böyüklərinin psixoloji durumu sağlam olmalıdır. Qeyri-sağlam psixoloji durumda olan valideyn övladına hansı müsbət təsirləri aşılaya bilər?!  Psixoloqlar insanlara bir sıra məsləhətlər verir, lakin bunların heç də hamısı insanlara xoş gəlmir. Halbuki, bu məsləhətlər stres və qayğıların öhdəsindən gəlməkdə insanlara yardımçı olacaq. Birinci tövsiyə xəstəlik haqqında dəqiq məlumatlar əldə etməkdir. İkincisi, xəstəlikdən qorunma üsullarını öyrənmək. Üçüncüsü, xəstəliklə bağlı xəbərləri gün ərzində fasiləsiz təqib etməmək. Çünki eyni xəbərləri, eyni videoları təkrar-təkrar, davamlı izləmək psixologiya üçün böyük təhdid yaradır. Panika və stresi artırır. Dördüncüsü, neqativ düşüncələrə qapılmaqdan uzaq durmaq. Beşincisi, bütün yaşananların keçici olmasına, hər şeyin öhdəsindən gələ bilməyə inanmaq. Altıncısı, ailə ilə, sevdiklərinizlə, dostlarla zaman keçirmək. Yeddinci, fikirləri, düşüncələri, arzuları ailəylə, sevdiyiniz şəxslərlə paylaşmaq. Səkkizinci, uşaqları nəzarətsiz qoymamaq, onları dinləmək və onlarla daha artıq zaman keçirmək. 
Qeyd edək ki, psixoloq Zeynəb Eyyubova da “Şərq”ə açıqlamasında əsasən eyni məsələlərin üzərində dayandı. 
Hər bir intiharın və ya intihara cəhdin mütləq bir alt yapısı olduğunu söyləyən Z.Eyyubova intiharların səbəbsiz baş vermədiyini bildirdi:

- İntihar edənin hər hansı probleminin olmadığını iddia etmək qeyri-mümkündür. İntihar və ya intihara cəhddə mütləq bir səbəb vardır. Problemsiz insan intihara cəhd etməz. İntihar birdən-birə, anidən verilən qərar deyil. Həmin adamın demək ki, əvvəllər də hansısa problemləri olub. Amma ətrafındakı insanlar, ailə üzvləri, çevrəsi tərəfindən buna fikir verilməyib. Onun dediyi sözlər ciddiyə alınmayıb. İntiharların artması, məsələn, imtahanlar zamanı müşahidə edilir, məişət zorakılıqları zamanı da intihara cəhdlər edilir və sairə. Pandemiya dönəmində isə insanların normal həyat şərtləri birdən-birə dəyişdi. İnsanlar ünsiyyəti itirdilər. Halbuki, pandemiyadan əvvəl də insanlar arasında ünsiyyət qıtlığı yaşanırdı. Pandemiya isə məcburən  bu vəziyyəti daha da ağırlaşdırdı. Ona görə də nə qədər ki, pandemiya davam edir, insanların psixoloji maariflənməsi mütləq lazımdır. Pandemiya bitdikdən uzun müddət sonra da psixoloji faktorlar önə çıxarılmalı və psixoloji sağlamlığın təmin edilməsinə çalışılmalıdır. 

Psixoloq qeyd etdi ki, insanlar psixoloqlarla görüşməli, məsləhət almalıdırlar:

- İnsanlar danışa bilmir. Danışmağa, dərdləşməyə adam tapa bilmirlər. Fərqi yoxdur, yaşlı, cavan. Bu problem hamı üçün eyni səviyyədədir. Yığılan neqativ  enerji isə hər insanda bir cür özünü göstərir. Bəzisində çox aqressiv, bəzisində az. Amma mütləq özünü göstərir. 

Z.Eyyubova vəziyyətdən çıxış yolu kimi seminar  və vebinarların keçilməsinin vacib olduğunu da dedi:

- Vətəndaşlarla iş aparmağa həmişə ehtiyac var.  İstər pandemiya olsun, istərsə də başqa dönəm. İnsanları dinləmək lazımdır. Çünki insanlar danışmaq və dinlənmək istəyirlər.