Putin hələ Qarabağa gəlməyə tələsməyəcək

Ancaq Azərbaycana digər dost ölkələrin rəsmi nümayəndələrinin işğaldan azad olunan ərazilərlə tanışlığı mümkündür


“Rusiya Prezidenti Vladimir Putinin gələcəkdə Qarabağa səfəri aktuallaşa bilər”. Bu sözləri “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib. Ekspert bildirib ki, Putin bir neçə dəfə Qarabağa səfər edən türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğandan geri qalmaq istəməz. Ancaq Putinin hazırkı şərtlər daxilində Qarabağa səfəri Azərbaycanın maraqlarına cavab vermir: 

“Putinin təyyarəsi Qarabağa endikdən sonra o, dövlət başçısı İlham Əliyevlə görüşüb fikir mübadiləsi aparcaq. Daha sonra “neytrallığını” qorumaq məqsədilə Xankəndiyə gedərək erməni separatçılarının lideri ilə də görüşəcək. Belə bir görüşü Azərbaycan heç bir halda qəbul edə bilməz. Putinin Şuşayla yanaşı Xankəndiyə gəlişinin Azərbaycana zərəri faydasından çoxdur. Ona görə də Azərbaycan Qarabağın tamamına nəzarət etmədən və bölgədəki erməniləri tərksilah etmədən Kreml sahibinin Qarabağa gəlişinə ehtiyac yoxdur. Putinin özü də anlayır ki, hazırkı şərtlər daxilində Qarabağa gəlib Şuşayla yanaşı Xankəndinə getsə, bu, Azərbaycan-Rusiya münasibətlərində gərginliyə səbəb olacaq”. 

Politoloqa görə, Putinin yalnız Şuşaya və ya Füzuli və Zəngilana səfəri erməniləri narazı salacaq: 

“Putin erməniləri də narazı salmaq istəməz. Ona görə də Rusiya prezidentinin Qarabağa səfərindən əvvəl Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalanmalı, sərhədlər müəyyənləşməli və Zəngəzur dəhlizi açılmalıdır. Buna baxmayaraq, başqa dövlətlərin rəsmilərinin Füzuli Hava Limanı üzərindən Qarabağa gəlişləri mümkündür. Bu sırada Azərbaycana dost dövlətlərin - Pakistan, Ukrayna, Gürcüstan, Macarıstanın rəsmi nümayəndə heyətlərinin Qarabağla tanış olmaları mümkündür. Şuşa tam bərpa olunduqdan sonra bu şəhərdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının zirvə toplantısını da keçirmək olar”.