Məmurlardan xoş niyyət gözləməyə dəyməz

Qanunla şəhidlərin bacı-qardaşlarına da imtiyazlar şamil olunmalıdır

Dünən Milli Məclisin keçirilən plenar iclasında millət vəkili Fazil Mustafa  ata-anaları vəfat edən şəhidlərin bacı-qardaşlarının mənzillə təmin edilməsini təklif edib. O, açıqlamasında bir sıra ciddi nüanslara toxunub: “Elə şəhidlərimiz var ki, ata-anaları rəhmətə gedib. Onların bacı-qardaşları var. Bacı- qardaşlar da onların himayəsində idi. Ancaq mənzil məsələsi, müavinətlər onlara şamil edilmir. Bu ailələrin sayı çox deyil. Onları nəzərə almaq lazımdır". 

Mövzu ilə bağlı jurnalist Asəf Quliyev "Şərq"ə açıqlamasında millət vəkili Fazil Mustafanın təklifini sözsüz ki, müsbət dəyərləndirdiyini deyib.  A.Quliyev qeyd edib ki, ümumiyyətlə, şəhidlərin bizə əmanət qoyduğu doğmalarına münasibətləri tənzimləyən qanunlarda çoxlu belə boşluqlar var: 

"Hamı yeri gəldi-gəlmədi ailə dəyərlərindən danışır. Azərbaycan ailə dəyərlərindən biri də imkanı olan qardaşın yerdə qalanlara dəstək olması, onların qayğısını çəkməsidir. Üstəlik valideynlər olmayanda bu qayğı və bu dəstək valideyni əvəz etmək səviyyəsində olur. Ətrafımızda neçə-neçə belə nümunələrə rast gələ bilərik. Vətən uğrunda şəhid olan qardaşlarımızın da içərisində ailə başçısı vəzifəsini öz üzərinə götürmüş onlarla, yüzlərlə insan var. Buna görə də, şəhid olmuş hərbi qulluqçunun valideyni yoxdursa, onun özündən sonra bacı və qardaşı qalıbsa, bu imtiyaz mütləq onlara şamil edilməlidir. Ümumiyyətlə, şəhidlərin bizə əmanət qoyduğu doğmalarına münasibətləri tənzimləyən qanunlarda çoxlu belə boşluqlar var". 
A.Quliyev əlavə edib ki, bu boşluqlara mütləq yenidən baxılmalı və qanunvericilik mükəmməlləşdirilməlidir: "Necə ki, şəhidlərimizin əməli və niyyəti mükəmməl idi, onların bizə qoyub getdiyi əmanətə də münasibət mükəmməl olmalıdır. Bu mükəmməllik isə ancaq, qanunvericiliklə tənzimlənməlidir. Bu əmanətləri hansısa məmurun xoş niyyəti və rəhmdilliyi ümidinə qoymaq olmaz".