"Kart dələduzluğu ilə bağlı məsuliyyət vətəndaşın üzərinə atmalı deyil"

"Mərkəzi Bank yenidən rəqəmsal manat məsələsini gündəmə gətirib". 

Bu fikirləri "Şərq"ə açıqlamasında Azərbaycan İnternet Forumunun prezidenti Osman Gunduz deyib.

Ekspert qeyd edib ki, Mərkəzi Bank xeyli müddətdir ki, perspektivli sahə olduğunu bildirərək rəqəmsal valyutanın yaradılması üzərində işləyir: 

"Bununla bağlı konkret layihənin də mövcud olduğu bildirilib. Əlbəttə, bütün bunlar cəmiyyətin rəqəmsal transformasiyası, rəqəmsal bankçılığın inkişafı baxımından, maliyyə-bank sektorunda mühafizəkarlığın aradan qaldırılması, daha çevik və effektiv maliyyə-bank siyasətinin qurulması baxımından müsbət addımlardır. Dünyada bu sektorda baş verənlərdən kənarda qalmaq doğru olmazdı. Eyni zamanda, Mərkəzi Bankın yadına salmaq istərdim ki,  8 ildir ki , “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Qanun layihəsini müzakirəyə çixarda bilməyib.Bu isə mövcud maliyyə-bank sektorunda rəqabətli mühitin inkişafının qarşısını alır, inhisarçılığıa şərait yaradır, rəqəmsal bankçılığın inkişafına mane olur. Eyni zamanda, bank sektorunda onlayn dələduzluğun qarşısının alınması istiqamətində maliyyə-bank sektorunun apardığı işləri də heç bir halda yetərli hesab etmək olmaz".

O.Gündüz qeyd edib ki, banklar kart məlumatlarının oğurluğu, kart dələduzluğu ilə bağlı bütün məsuliyyəti rəqəmsal savadlılığı yetərli olmayan vətəndaşın üzərinə atmalı deyil: 

"Yeri gəlmişkən, ötən il “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı” da başa çatdı. Amma bu proqram çərçivəsində yaradılması nəzərdə tutulan həmin qanun layihəsi yenə də ortaya çıxarılmadı. Düşünürəm ki, rəqəmsal milli valyutaya xüsusi diqqət yetirilməsi nə qədər təqdirəlayiq olsa da, yaxşı olar ki, MB yuxarıda qeyd olunan problemlərin həllinə də diqqət yetirsin".