Antisanitar vəziyyətdə fəaliyyət göstərən qənnadı müəssisəsi aşkarlandı - FOTO

Gəncə şəhəri, Zərrabi küçəsi 53 ünvanında fəaliyyət göstərən “Ləziz” şəkərli qənnadı məmulatlarının istehsalı müəssisəsində yoxlama həyata keçirilib.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) verilən məlumata görə, ilkin baxış zamanı müəssisənin sanitar-gigiyenik qaydalara və qida təhlükəsizliyinə dair normativ aktların tələblərinə əməl etmədən fəaliyyət göstərdiyi, müəssisənin istehsal sahəsinin yuyulub təmizlənə bilən materiallarla təchiz edilmədiyi, otaqlarda uzun müddətdən bəri təmizlik işlərinin aparılmadığı müəyyən olunub.
Yoxlama zamanı müəssisədə mal qonşuluğu prinsipinə riayət edilmədiyi, məhsulların hazırlanmasında yararlılıq müddəti bitmiş yağlardan, sulu mayadan, qaymaqdan, krem tozundan istifadə edildiyi, satışa çıxarılan məhsulların üzərində etiket məlumatlarının qeyd olunmadığı, işçilərin xüsusi geyim formaları ilə təmin edilmədiyi məlum olub.

Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb, müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb edilib.