Zatən öncədən də belə qanun mövcud olub

15 faiz sığorta ödənişi böyük dəyişiklik deyil

Azərbaycanın diplomatik nümayəndəliklərinin əməkdaşları fərdi qəza nəticəsində həlak olarsa və ya sağlamlığına zərər dəyərsə, onlara sığorta məbləğindən 15 faiz sığorta ödənişi veriləcək. Bu barədə məsələ “Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərində qulluq edən şəxslərin icbari sığortası haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Dəyişikliyə əsasən, ağır, az ağır və yüngül xəsarət növləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş siyahıya uyğun müəyyən ediləcək. 

Qanuna dəyişikliklər Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bu gün keçirilən iclasında müzakirə edilərək plenar iclasa tövsiyə olunması nəzərdə tutulur.

Mövzu ilə bağlı beynəlxalq hüquq üzrə mütəxəssis Əlövsət Allahverdiyev “Şərq”ə açıqlamasında qeyd edib ki, ölkəmizdə daha öncə də belə bir qanun mövcud olub:  

"Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərində qulluq edən şəxslərin icbari sığortası haqqında" Azərbaycan Respublikasının Qanunu 18 may 2004-cü ildə qəbul olunub. 

Həmin Qanunun 8-ci maddəsində sığorta ödənişlərindən bəhs olunur. Qeyd edilir ki, sığorta olunan sığorta hadisəsi nəticəsində həlak olduqda (vəfat etdikdə) və ya sağlamlığına zərər vurulduqda, ona bu Qanunun 7.1-ci maddəsində müəyyən edilmiş sığorta məbləğindən müəyyən miqdarda faizlə sığorta ödənişi verilir.

 Yəni həlak olan şəxsə 100 faiz, birinci dərəcə əlillikdə 80 faiz, ikinci dərəcə əlillikdə 60 faiz, üçüncü dərəcə əlillikdə 40 faiz, əlillik dərəcəsi müəyyən edilmədən ağır xəsarət alması zamanı 20 faiz, yüngül xəsarət alması zamanı 10 faiz sığorta ödənişi verilir. Hazırda qanuna təklif olunan dəyişiklikdə isə 15 faizdən söhbət gedir. 

Bunun nə kimi üstünlüyünün və ya mənfi təsirinin olmasını qanunun tətbiqindən sonra bilinəcək. İndidən hər hansı bir üstünlük haqqında nəsə demək çətindir".