"Bu, yolverilməzdir"

Emin Həsənli: "Bir qrup şəxslər şəhid ailələrinə mərasim təşkil etmək və ya yardım adıyla sosial şəbəkələrdə təbliğat apararaq pul toplayırlar"

Özlərini Qeyri-Hökumət Təşkilatının (QHT) rəhbəri kimi təqdim edərək Zəfər Günündə orduya dəstək adıyla şirkətlərdən pul tələb edən şəxslər saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev bildirib. DİN rəsmisi bildirib ki, həmin şəxslər polis əməkdaşları tərəfindən müəyyən olunaraq polis idarəsinə gətiriliblər. 

Mövzu ilə bağlı “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri, hərbi ekspert Emin Həsənli "Şərq"ə açıqlamasında bildirib ki, şəhid ailələrinə və qazilərə xüsusi diqqət, qayğı hər bir vətəndaşın borcudur. Ekspert vurğulayıb ki, Azərbaycan dövləti daim onlara xüsusi diqqət və qayğı ilə yanaşır:

 "Şəhid ailələri və qazilər daim Cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xüsusi diqqət mərkəzindədir. Onlar daim şəhid ailələrinin və qazilərimizin problemləri ilə maraqlanır, görüşlər keçirir. Əlbəttə ki, bu digər məmurlar üçün də örnəkdir. Düzdür, şəhid ailələrinin, müharibə veteranlarının bir qism problemləri var ki, onlar da zamanla həllini tapacaq. 

Bunlar müalicə, onların statusunun müəyyənləşdirilməsi ilə bağlı olan məsələlərdir. Bu istiqamətdə də intensiv, ardıcıl iş gedir".

E.Həsənli qeyd edib ki, hər kəs bu məsələdə vahid mövqedən çıxış etməlidir:

 "Şəhid ailəsi, Qarabağ mövzusu siyasi məqsədlər naminə istifadə edilə bilməz. Bunlar ali statusdur və hər kəs bunu nəzərə almalıdır. 

Son dövrlər təəssüflər olsun ki, bir qrup şəxslər şəhid ailələrinə mərasim təşkil etmək və ya yardım adıyla sosial şəbəkələrdə təbliğat apararaq pul toplayırlar. Yaxud da bir qismi onların statusundan yararlanaraq onlara dəstək adı altında pullar toplayırlar. Bu məsələnin həll edilməsi üçün keçən il cənab prezidentin müvafiq sərəncamıyla "YAŞAT" Fondu yaradıldı.

 Bilirsiniz ki, bu fond yanvar ayından fəaliyyət göstərir və indiyədək xeyli işlər görülüb. Bir çox qazilərimizin müalicəsini öz üzərinə götürüb, şəhid ailələrinə xüsusi diqqət və qayğı göstərir. Və bu proses hazırda da davam edir. Ona görə də hesab edirəm ki, bu istiqamətdə yardımlar da "YAŞAT" Fonduna edilməlidir. Dövlətin xüsusi diqqət və nəzarəti altında bu proseslər həyata keçirilməlidir. Əgər ayrı-ayrı şəxslər bu işlə məşğul olarsa, o zaman onları dövlət vaxtında müdaxilə edəcək və bunun qarşısı sərt şəkildə alınacaq. Heç kimə haqq verilmir ki, şəhid və qazi adından istifadə edərək, öz şəxsi maraqlarını həyata keçirsin. Bu, yolverilməzdir! Biz cəmiyyət olaraq bunu pisləyirik!".