Gənclər parlamenti yaradılır

Fərid Şahbazlı: "Bu layihə regionlardakı istedadlı gənclərin üzə çıxarılması baxımından da olduqca əhəmiyyətlidir"

Milli Məclis və Azərbaycan Gənclər Fondu arasında Azərbaycan Gənclər Parlamentinin yaradılması barədə memorandum imzalanıb. Bu barədə  Milli Məclisdən məlumat verilib.

Mövzu ilə bağlı çıxış edən “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı "Şərq"ə açıqlamasında bildirib ki, Azərbaycanda Gənclər Parlamentinin yaradılması gənclər siyasəti sahəsində atılan olduqca mühüm və faydalı addımlardan biridir. F.Şahbazlı qeyd edib ki, Gənclər Parlamentinin yaradılması gənclərin ictimai-siyasi hazırlığının yüksəldilməsinə, gənclərin təmsilçilik imkanlarının genişləndirilməsinə, eyni zamanda gənclərin özləri ilə bağlı qərarların qəbulu prosesində iştiraklarına geniş imkanlar yaradacaq: "Bu, ictimai-siyasi sahəyə marağı olan, müzakirə imkanına malik olan gənclərin bir araya gələrək, həm onların özləri ilə bağlı, həm də ölkədə gedən ictimai-siyasi proseslərlə bağlı müzakirədə fəal iştirak etməsinə şərait yaradacaq. Həmçinin, Gənclər Parlamentinin yaradılması gənclərin fikirlərinin müvafiq icra hakimiyyəti orqanlarına və Milli Məclis deputatları tərəfindən eşidilməsinə şərait yaradacaq. Hesab edirəm ki, bu olduqca maraqlı layihədir. Rayon gəncləri də fəal şəkildə bu layihəyə dəvət ediləcəklər". 

F.Şahbazlı əlavə edib ki, bu layihə regionlardakı istedadlı gənclərin üzə çıxarılması baxımından da olduqca əhəmiyyətlidir:

 "Düşünürəm ki, bu layihənin icrası gənclər siyasəti sahəsində uzun illərdən sonra yenilik olacaq və canlanmaya səbəb olacaq. Bu layihə gəncləri narahat edən və diqqətini çəkən məsələlərlə bağlı təklif və ideyalarının daha geniş ictimaiyyətə çatdırılmasında tribuna rolunu oynayacaq".