Azərbaycan Ordusunun heç bir hərbçisi bu silahla döyüşməyib

Sumqayıtda qoyulmuş hərbçi heykəli tənqid atəşinə tutuldu

Sumqayıt İcra Hakimiyyətindən isə bildiriblər ki, heykəli Amerika əsgərinə bənzədənlər məlumatsız adamlardır

Azərbaycan əsgərinin şərəfinə Sumqayıt memorial kompleksində qoyulmuş hərbçi heykəli sosial şəbəkələrdə tənqid olunub. Bəzi sosial şəbəkə istifadəçiləri heykəldə əks olunmuş hərbi forma və silahlarla bağlı iradlar bildirərək, onların Azərbaycana məxsus olmadığını iddia ediblər. Məsələn, hərbi-ekspert Ramil Məmmədli təkcə heykəlin müəllifini deyil, abidənin ora qoyulmasına məsul şəxsləri də tənqid edib. 

Ekspert əsgərlərimizin şərəfinə ucaldılmış heykəli ilk baxışda təqdir olunası addım saysa da, abidə də qürur və döyüş ruhunun əks olunduğunu söyləsə də, yanlış gördüyü məqamları da sadalayıb: “Bildiyimə görə, hərbi vasitələrin təqdim olunduğu bu səpkili heykəllər ictimaiyyətə təqdim olunmamışdan əvvəl mütəxəssislərin rəyinə ehtiyac duyulur. Daha dəqiqi, hərbi qulluqçunun abidəsi zamanı onun geyimi, silah və digər dəsti mütəxəssis rəyi ilə uyğunlaşdırılır. Bu heykəldə isə qeyd etdiyim heç bir amil nəzərə alınmayıb. Nəticədə Sumqayıt şəhərinin mərkəzində Azərbaycanın Vətən müharibəsində qalib əsgərinin yerində ABŞ və ya NATO üzvü olan hansısa bir ordunun geyim dəsti və silahı ilə təchiz olunmuş hərbçi heykəli ucaldılıb”. R.Məmmədli vurğulayıb ki, hərbçi heykəlinin geyim dəsti Azərbaycan Ordusunda yoxdur: “Üzərindəki silah isə ümumiyyətlə Azərbaycan Silahlı Qüvvələrinin silahlanmasında yer almayıb. Bu, ABŞ istehsalı olan M-16 avtomatıdır ki, Amerikaya müttəfiq olan bəzi ölkələr də bu silahın bazasında öz avtomatlarını yaradıblar. Azərbaycan Silahlı Qüvvələrinin heç bir hərbi qulluqçusu bu silahla döyüşməyib. Çünki Azərbaycan Ordusunun silahlanmasında M-16 avtomatı yoxdur. Yaxşı olar ki, bu gözəl iş keyfiyyətli görülsün və heykəl yenilənsin”.

ARB-nin reportyoru Pərviz Mustafayev isə hərbi ekspertin fikirlərinə etirazını bildirib. O qeyd edib ki, Azərbaycan Ordusunun inventarında həm M-16, həm M-4, həm də İsrail istehsalı olan “IMI”, “Tavor”, “TAR-21”, o cümlədən Almaniya istehsalı “Heckler G3” də var:

 “Bunlar hamısı NATO ölkələrinin silahlarıdır. M-4 və M-16 tipli hücum silahları isə XTQ və sülhməramlıların komplektasiyasında hücum silahları sırasındadır. NATO-da son düyməyə qədər bağlanan forma görməmişəm, digər tərəfdən isə beretin üstündəki Azərbaycan Ordusu gerbi hər şeyi izah edir. Heykəlin üzərindəki gülləkeçirməz jilet də ordumuzun komplektasiyasında var. Odur ki, burada qeyri-adi və ordumuza yad bir şey yoxdur. Sadəcə, heykəldə AK-74 əvəzinə başqa silahın təsviri “NATO assosiasiyası” yaradıb. Bu isə heykəldə nəyinsə səhv olduğunu ifadə etmir”.

Elvin Şirinov adlı feysbuk istifadəçisi də fotoda əks olunan avtomatın Azərbaycanın yerli istehsalı olduğunu deyib: 

“Özümüz istehsal edirik. Digər tərəfdən heykəldəki M-16 deyil, M-4 dür. Amma M-4 də bizim Silahlı Qüvvələrdə istifadə olunur”. 

Məlumat üçün əlavə edək ki, iradlara Sumqayıt Şəhər İcra Hakimiyyətinin mətbuat katibi Eyvaz Qocayev da münasibət bildirib. İcra nümayəndəsi bəyan edib ki, Şəhidlər Xiyabanı ərazisində ucaldılmış həmin abidə hər kəs tərəfindən təqdir olunur və sosial şəbəkələrdə edilən paylaşımlar da bunun sübutudur: “Abidədəki əsgərin əlindəki silah da Azərbaycan Silahlı Qüvvələrinin istifadəsində olan avtomatdır. Abidənin üzərində Azərbaycanın gerbi də əks olunub. Bunun əksini deyən, heykəli Amerika əsgərinə bənzədənlər məlumatsız adamlardır”.