"Görmürdülər ki, o uşaq nə vəziyyətdədir"

Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması

Lalə Mehralı: "Məktəb rəhbərliyi, müəllimləri, təhsil şöbəsi hara baxırdı. Qohum-əqrəba hara baxırdı?"



11 yaşlı uşağın dünyaya gətirdiyi körpə tələf oldu. Bu, gözlənilən idi. Tibb ekspertləri 11 yaşında bir uşağın normal hamiləlik keçirməsinin, normal körpə dünyaya gətirməsinin qeyri-mümkünlüyünü bildirmişdilər. Məsələ körpənin tələf olmasında deyil. Dəhşətli olan 11 yaşlı uşağın cinsi istismar edilməsi, iyrəncliyə, işgəncəyə məruz qalmasıdır. Bir qədər rahatladıcı xəbər ondan ibarətdir ki, cinayətdə şübhəli bilinən şəxs saxlanılıb. Bu barədə respublikanın baş prokuroru Kamran Əliyev KİV-ə açıqlamasında bildirib: “İmişlidə baş vermiş hadisə ilə bağlı ilkin məlumatlar prokurorluğa məlum olandan dərhal sonra araşdırmalara başlanılıb və cinayət işi açılıb. Qısa müddət ərzində şübhəli şəxs müəyyən edilərək saxlanılıb. İntensiv hərəkətlər davam etdirilir. Hadisəni törədən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi və ona qarşı konkret ittiham irəli sürülməsi məsələsi mövcud olan sübutlar əsasında həll ediləcək. Bu, çox ciddi məsələdir və biz bunu daim nəzarətdə saxlayacağıq. Mən fürsətdən istifadə edib bütün kütləvi informasiya vasitələrindən xahiş edirəm ki, bu kimi həssas məsələlərdə müəyyən qaydalara riayət edilsin”. Baş prokuror qeyd edib ki, təsadüfi hadisələr nəticəsində törədilən, böyük ictimai təhlükə törətməyən, az ağır, ehtiyatsızlıqdan törədilən cinayətlərlə bağlı humanistləşməyə gedilir, hətta bəzi məsələlərdə dekriminallaşmaya getməliyik. Amma harada qatı, ağır, şəxsiyyət əleyhinə törədilən, korrupsiya və digər cinayətlər varsa, orada tam qəti, kəsərli addımlar atılmalıdır və atılır da: “Bizim qanunvericilikdə kifayət qədər əsaslar var. Azyaşlılara qarşı törədilən cinayətlərlə bağlı ən ağır cəza tədbirləri həyata keçirilir". Baş Prokurorluğun yaydığı məlumatda isə qeyd edilir ki, azyaşlının zorlanması faktı üzrə uşağın atalığı şübhəli şəxs qismində saxlanılıb və ona qarşı 4 aylıq həbs-qətimkan tədbiri seçilib. 

Xatırladaq ki, İmişli Rayon Mərkəzi Xəstəxanasından rayon sakini 2010-cu il təvəllüdlü A.N-nın (ad şərtidir) hamiləlik vəziyyətinin aşkar edilməsinə dair rayon prokurorluğuna məlumat daxil olduqdan sonra faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. 11 yaşlı qızın övladı Respublika Klinik Xəstəxanasının Patologiyası şöbəsində qeysəriyyə əməliyyatı ilə dünyaya gəlmişdi. Həkimlər tərəfindən körpənin vəziyyəti ağır qiymətləndirilirdi. Bir neçə gün sonra isə körpə dünyasını dəyişdi.  
Bir nəfərin həbsi gələcəkdə azyaşlıların, təkcə onların da deyil, ümumiyyətlə, istənilən birisinin işgəncəyə, zorlanmaya, cinsi istismara məruz qalmasının qarşısını alacaqmı? Sual bəlkə də yersiz görünür. Dünya bərqərar olandan cani də var, cinayət də. Heç kim, heç nədən sığortalanmayıb. Lakin mövzu azyaşlılar, körpə balalardısa, onların gələcəyi üçün qorxu, nigaranlıq daha da artır. Ailə dəyərlərinə, ağsaqqal, ağbirçək sözünə, valideynlərin, uşaqların müqəddəsliyinə, toxunulmazlığına sayğının ən ali səviyyədə olduğu Azərbaycanda nə zaman bu ali dəyərlər ayaqlar altına atılmağa başladı və niyə? Günah kimdədir?   

Sosioloq Lalə Mehralı “Şərq”ə açıqlamasında bu qandonruran hadisədə Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Təhsil Nazirliyinin, İmişli rayon Təhsil İdarəsinin, 11 yaşlı qızın təhsil aldığı məktəbin, məktəb kollektivinin, müəllimlərin də uşağın anası, şərəfsiz atalığı, qohum-əqrəbası qədər günahkar olduğunu dedi: 

- Yenə də hadisə baş verəndən sonra hamı əl-ayağa düşür. Bəs bu uşaq uzun müddət dərsdən yayındığı vaxt, məktəb rəhbərliyi, müəllimləri, təhsil şöbəsi hara baxırdı. Qohum-əqrəba hara baxırdı? Görmürdülər, o uşaq nə çəkir, hansı vəziyyətdədir? Hər bir rayonun icra hakimiyyətində yetkinlik yaşına çatmayanlarla iş üzrə xüsusi şöbə var. Nə işlə məşğuldur bu şöbələrin əməkdaşları? Bu baş verən hadisə, birinci deyil, ikinci deyil. Artıq neçənci hadisədir. Nə qədər eşidirik ki, nikah yaşına çatmayanların toyu olub. 8, 9, 10-cu sinif şagirdləri qızlar evləndirilib. Bu haqda o şəhərdə, rayonda, bölgədə yaşayanlar, qohum-əqrəba, hətta məktəb rəhbərliyi də məlumatlı olur, hüquq-mühafizə orqanları da. Toylarda iştirak edirlər. Laqeydcəsinə “bizə nə var. Atası verib, anası razıdır, nə edə bilərik” deyib, yeyib-içib gedirlər. Əsl günahkar laqeydlikdir. Laqeydlik bu cür iyrənc cinayətlərin baş verməsinə gətirib çıxarır. Hesab edirəm ki, konkret bu faktla bağlı məsuliyyət daşımalı olan bütün orqanların əməkdaşları istintaqa cəlb olunmalıdır. Övladlarımızın göz görə-görə məhv olmasının qarşısı alınmalıdır. Dərsdən, tədrisdən yayınanlarla bağlı ciddi iş aparılmalıdır. İctimai nəzarət, hətta ictimai polis fəaliyyəti təşkil edilməlidir. Harada qanunsuzluq, uşaq hüquqlarının pozulması halları varsa, dərhal hüquq-mühafizə orqanlarına məlumat verilməli, ilk növbədə də valideynlər məsuliyyətə cəlb edilməlidir. Valideyn uşağın bioloji sahibi ola bilər, amma hüquqi sahibi olmamalıdır. Hər bir vətəndaşın himayəçisi və qoruyanı ilk növbədə dövlətimizdir.