Güzəştlər tətbiq olunursa, nə gözəl!

Azərbaycan insanı da hibrid avtomobillərin rahatlığını, ləzzətini yaşaya biləcəklər

Azərbaycana idxal edilən bir sıra hibrid avtomobillərin idxalı və satışı vergidən azad edilir. Bu barədə məsələ Vergilər Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb. Belə ki, məcəlləyə təklif edilən dəyişikliyə əsasən, istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı və satışı üçün 2022-ci il yanvarın 1-dən 3 il müddətinə ƏDV tutulmayacaq. Bundan əlavə, elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerji doldurucularının idxalı üçün 2022-ci il yanvarın 1-dən 3 il müddətinə ƏDV tutulmayacaq.

Məsələ ilə bağlı nəqliyyat üzrə ekspert Elməddin Muradlı "Şərq"ə açıqlamasında bu addımları təqdir etdiyini deyib. Ekspert qeyd edib ki, bu, özü-özlüyündə ekoloji təmiz nəqliyyat vasitələrinin təbliği, təşviqi, stimullaşdırılması baxımından mühüm bir addım ola bilər: 

"Bilirsiniz ki, Cənab Prezident İlham Əliyev tərəfindən 2019-23-cü illəri əhatə edən "Azərbaycan Respublikasında yol hərəkəti təhlükəsizliyinə dair" Dövlət Proqramı imzalanıb. Həmin proqramda göstərilir ki, ekoloji təmiz nəqliyyat vasitələrinin ölkəyə gətirilməsini stimullaşdırmaq lazımdır. Bu baxımdan atılan bu addım stimullaşdırıcı addımlardan biridir. Gələcəkdə dünya və başqa-başqa ölkələrin təcrübəsini öyrənərək, daha böyük və geniş addımlar atıla bilər. Bu onun göstəricisidir ki, artıq hibrid, elektromobil maşınları üçün müəyyən addımlar atılır. Qeyd edim ki, elektromobillər üçün ümumiyyətlə, güzəştlər çox böyükdür, amma elektromobili ölkəyə gətirənlərin sayı azdır. Bunun səbəbi isə elektromobillərin baha olması ilə bağlıdır. Həmçinin, onun Azərbaycanda servis xidməti, texniki qulluq və s. kimi məsələləri hələ də açıq qalır, geniş imkan yoxdur. Elektrik doldurma məntəqələrinin sayı da kifayət qədər deyil, yaxud yaradılmır, gecikmə baş verir. Ona görə bu avtomobillərə maraq ölkəmizdə hələ azdır. Amma yenə də güzəşt olunursa, bu, özü-özlüyündə stimullaşdırıcı bir addımdır".

E.Muradlı əlavə edib ki, Azərbaycanda əsasən 2005-2010-cu illər arasında istehsal olunan hibrid maşınlarına böyük maraq var: 

"Əvvəllər bu avtomobillərə heç bir güzəşt olmadığına, həmçinin digər avtomobillərlə eyni rüsuma cəlb edildiyinə görə qiymət baha idi. Ona görə də insanlar 2005-2010-cu illərin hibridlərini daha çox alırdılar. İndi bu güzəştlər tətbiq olunandan sonra artıq insanlarımız yəqin ki, 2013-2014-cü illərdən sonra istehsal olunan hibridlərə üstünlük verəcəklər. Çünki qanunvericilikdə də qeyd olunur ki, güzəştlər istehsalı 7 ilə qədər olanlara şamil olunacaq. Yəni köhnə hibridlərə güzəşt olunmayacaq və 2500 kubsantimetrdən yuxarı olanlara yenə də əlavə dəyər və aksiz vergisi hesablanacaq. 2500 kubsantimetr və ondan aşağı olanlara isə güzəştlər çox böyük olacaq. 2500 kubsantimetr hibrid avtomobillərinin modelini şəxsən mən özüm bir neçə dəfə test eləmişəm. Onlar bizim cəmiyyətimiz, avtomobil parkımız üçün ideal maşındır. Buna da güzəşt tətbiq olunursa, nə gözəl! İnsanlarımız yəqin ki, o güzəştə qalan pulu verib, bir az da üstünü düzəldib özlərinə daha təmiz, daha yeni, daha komfortlu hibrid avtomobilləri ala biləcəklər. Bilirsiniz, 2010-cu ilin hibridləri əksəriyyəti qəzalı maşınlardır. Amerikada, Yaponiyada suya düşmüş, şüalanmaya məruz qalmış, qəza keçirmiş maşınlardır ki, Azərbaycana ucuz qiymətə Gürcüstan üzərindən gətirilir. Ona görə biz çalışmalıyıq ki, bu güzəştlər tətbiq olunmaqla yanaşı, həm də insanlarımızı həvəsləndirməliyik ki, 2010-cu ildən sonrakı dövrü üstün götürsünlər.
  Heç olmasa hibridin rahatlığını, komfortunu, ekonom olduğunu, ətraf mühiti çirkləndirmədiyini görsünlər və bunun ləzzətini yaşaya bilsinlər".