Anar əsl ziyalı mövqeyi sərgilədi

Çingiz Abdullayevin müharibə ilə bağlı fikirləri yanlış və qüsurludur

Rey Kərimoğlu: "1991-94-cü illərdə ordu da olub, müharibə də. Təxribatlar olmasaydı, Azərbaycanın ovaxtkı ordusu bir qarış torpağın da işğal olunmasına imkan verməzdi"

Müzakirələr səngimir. Xalq yazıçısı Çingiz Abdullayevin “Birinci Qarabağ müharibəsi olmayıb” fikri ictimaiyyətdə, xüsusilə də Qarabağ müharibəsinin yaralarını canında, qanında gəzdirən insanlarımızda haqlı əsəb, qıcıq, narazılıq doğurub. Sosial şəbəkələrdə isə gözlənildiyi kimi, tənqidlər, təhqirlər, bununla yanaşı xalq yazıçısının fikrinin doğru anlaşılmadığını izah etməyə, necə deyərlər, Çingiz Abdullayevi boğazına keçirilən “kəndirdən” xilas etməyə çalışanlar artıq bir-biriylə savaşa çıxıb. Müzakirə etmək, fikir bildirmək hər kəsin haqqıdır. Lakin təhqir olmasın. Amma gəl bunu şəhid anasına, şəhid bacısına, bədəninin müəyyən hissələrini itirmiş qazilərə anlat! Mümkün deyil. Çünki ortada səhv bir fikir, səhv yanaşma var. Əvvəlcə bu yanlışlıq düzəlməlidir. İlk növbədə buna xalq yazıçısının özü cəhd etdi. Tənqidlərə məruz qalandan sonra xalq yazıçısı növbəti açıqlama verməyə məcbur oldu. Yayılan videoda bildirdi ki, fikri düzgün anlaşılmayıb;  müharibə - iki ordu arasında baş verir. Ermənilər isə 1990-cı illərdə ordusu olmayan Azərbaycana qarşı rus hərbi birliklərinin gücündən istifadə etməklə müharibə aparıb və torpaqlarımızı işğal edib. 

Ç.Abdullayev bu fikri səsləndirməsinin səbəbini də açıqladı və dedi ki, Rusiya kanallarındakı debatlarında erməni ekspert erməni xalqının “əsgər xalq”, azərbaycanlıların isə “alverçi xalq” olduğunu və ona görə də qalib gəldiklərini bildirmişdi. Sözügedən verilişdə erməni ekspertin o ifadəni həyasızcasına işlətdiyini əks etdirən video sosial şəbəkələrdə vaxtilə yayılıb. Xüsusilə 44 günlük müharibə zamanı erməni ekspertin o sözləri “məxsusi komentlərlə” yayılırdı və minlərlə fərarisi olan, qaçıb Fransaya sığınan ermənilərə “döyüşkən xalq” olduqları barədə qondardıqları yalana görə yaxşıca “bəy tərifi” deyilirdi. Axar.az qeyd edir ki, Ç.Abdullayevin bu baxımdan təkzib videosu yayması və fikirlərini izah etməyə çalışması normaldır. Əslində, birinci fikrinin əhatə olunduğu videoda da Ç.Abdullayevin nə demək istədiyi, Birinci Qarabağ savaşını niyə “müharibə” kimi qəbul etmək istəmədiyi aydın idi və doğrusu, ciddi qınağa çevrilməsinə də ehtiyac yox idi. Sadəcə, Ç.Abdullayev ənənəvi olaraq Azərbaycan dilində özünü ifadə etməkdə çətinlik çəkdiyindən, yanlış nəticələr ortaya çıxır.

Müzakirələr səngimədiyindən bu dəfə ədəbiyyatımızın daha ağır artilleriyası (Ona qədər başqa yazıçılar da Ç.Abdullayevə bəraət qazandırmağa çalışmışdı M.R. ) – xalq yazıçısı, AYB sədri Anar ictimaiyyətə müraciət etdi. Müraciətin mətni belədir: 
“Yazıçı həmkarım, Yazıçılar Birliyinin birinci katibi Çingiz Abdullayevə ağır ittihamlardan ibarət olan yazıyla bağlı mən də bəzi fikirlərimi söyləmək istədim. Danılmaz tarixi faktdır ki, birinci Qarabağ müharibəsi olub və bu müharibənin nəticələri bizim üçün ağırdır. Torpaqlarımızın iyirmi faizi işğal olunmuşdu. Bunun səbəbləri barədə müxtəlif rəylər ola bilər və mən indi həmin məsələni müzakirə etmək fikrində deyiləm. Bir şey aydındır ki, birinci Qarabağ müharibəsində də xalqımızın igid övladları qəhrəmancasına vuruşub, vətən yolunda şəhid olublar, ağır yaralanıblar. Bu müharibədə şəhid düşənlərin də xatirəsi hamımız üçün eyni dərəcədə əzizdir, müqəddəsdir və o müharibənin qazilərinə də dərin minnətdarlıq hissi duyuruq. Birinci müharibənin şəhid və qazi ailələrinə ikinci müharibənin şəhid və qaziləriylə eyni münasibət bəsləmək təklifini də dəstəkləyirəm.

Bununla birlikdə Çingiz Abdullayevə bir çox iradları qəbul edə bilmirəm. Ola bilsin ki, Çingiz müəyyən fikirlərini yetərincə dürüst və anlaşıqlı şəkildə ifadə edə bilməyib. 

Məncə, onun əsas etirazı ona idi ki, ermənilər öz təbliğatlarında bu iki müharibəni eyni səviyyədə tutur, «birinci müharibədə udmuşuq» «təsəllisiylə» xalqlarını ovutmaq istəyirlər. Bundan da o nəticəni çıxarmaq istəyirlər ki, bir vaxtlar üstün çıxıblarsa, gələcəkdə də bəxtləri gətirə bilər. Əlbəttə, bu onların növbəti xam xəyallarıdır. Çingizin demək istədiyinin məğzi bu idi ki, indiki ordumuz birinci müharibə zamanı olan ordu deyil. Bəyəm belə deyil? Çingiz heç vəchlə birinci Qarabağ müharibəsini dana bilməzdi, heç olmasa ona görə ki, o günlər biz onunla birlikdə bir çox cəbhə bölgələrində olmuşuq. Ağdamda üç komandirlə - mərhumlar Fred Asiflə, Allahverdi Bağırovla, «Qatır Məmməd» ləqəbli komandirlə şəxsən görüşmüşük. Çingiz hətta bu hərbi hissələrə bir qutu qumbara da gətirmişdi.
Amma bu da faktdır ki, o vaxt ordumuz yetərincə döyüş hazırlığı keçməmişdi, güclü və yeni silahlarımız yox idi, silahlı qüvvələr ayrı-ayrı pərakəndə hissələrdən ibarət idi. Bunları ki, danmaq olmaz. Bunları inkar etsək o müharibədə itirdiyimiz torpaqların nə səbəbdən itirdiyimizi izah edə bilmərik. Odur ki, bəlkə də uğursuz bir ifadəyə görə Çingiz Abdullayevə ağır ittihamlar vermək ədalətli iş deyil. Ən azı ona görə ki, bir il bundan qabaq bizə açıq düşmən münasibəti bəsləyən Moskva televiziya kanallarında haqq mövqeyimizi məntiqli və sərrast çıxışlarıyla çatdıran məhz Çingiz Abdullayev idi.
44 günlük vətən müharibəsində möhtəşəm zəfərimiz, doğma torpaqlarımızın, o cümlədən Şuşanı azad etməyimiz hamımızın başını ucaltdı. Millətimizin qürur hissini möhkəmləndirdi. Müzəffər ordumuzun şücaəti, Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin dəmir iradəsi, qəti mövqeyi, düşünülmüş siyasi addımları tarixi zəfərimizi təmin etdi. Xalqımızın sarsılmaz birliyi qələbəmizin əsas rəhni oldu. Gənc döyüşçülərimizin yüksək vətənpərvərlik ruhunda yetişməsində, xalqın yumruq kimi bir amal uğrunda birləşməsində ədəbiyyatımızın, kinomuzun, teatr və televiziya tamaşalarının da rolu az olmayıb. Odur ki, hər fürsətdə yazıçıları sancmaq nəcib hərəkət deyil.
Bir çox erməni yazıçısının ifrat millətçilik təbliğatı erməni xalqına baha başa gəldi, qonşu xalqın doğma torpaqlarını zəbt etməyə çağıran «ədəbi» əsərlərlə xumarlanan ermənilər heç nə qazanmadan hər şeyi itirdilər. Azərbaycan ədəbiyyatının, Azərbaycan sənətinin, Azərbaycan maarifinin, Azərbaycan siyasətinin yetişdirdiyi nəsil Şuşanın sıldırım qayalarıyla dırmaşıb əlbəyaxa vuruşdu, canlarını fəda etmək bahasına torpaqlarımızı azad etdi. Yerli-yersiz bir-birimizi suçlayanda bunları da unutmayaq”.

Qazi jurnalist Rey Kərimoğlu “Şərq”ə açıqlamasında Qarabağ qazilərinin Çingiz Abdullayevin fikirlərini bölüşmədiklərini dedi:  

- Çingiz Abdullayev yanlış düşünür. Düşüncəsi yanlışdır. Onun birinci açıqlaması da yanlışdır, birincini izah etməyə çalışdığı ikinci açıqlaması da. Yanlış və qüsurludur. Bu, cəmiyyətdə narazılıq yaradan, ziyalıya yaraşmayan fikirlərdir. Belə fikirləşən və danışan adamlar həmişə olub, bu gün də var. Amma onlar Qarabağ müharibəsi haqqında məlumatsızdılar. 1991-94-cü illər Qarabağ müharibəsində 18.500 nəfər şəhid olub! 3700 nəfər itkin düşüb! 39.500 nəfər yaralanıb! 1991-94-cü illərdə ordu da olub, müharibə də. Təxribatlar olmasaydı, Azərbaycanın ovaxtkı ordusu bir qarış torpağın da işğal olunmasına imkan verməzdi. Müstəqilliyimiz bərpa edildikdən sonra 1991-ci ildə ordu quruculuğu başladı. Artıq 1992-ci ildə ordumuzun kifayət qədər silah-sursatı vardı. Heç kim unutmasın ki, Azərbaycan ordusu Xankəndinin qapısına dayanmışdı. Təəssüf ki, bayaq dediyim kimi, təxribatlar ordumuzun geri çəkilməsinə səbəb oldu. Yeni yaradılmış, 1 yaşlı ordunu 28 il müddətində güclənən, möhkəmlənən, müasir hərbi texnikayla silahlanmış ordu ilə müqayisənin özü qüsurludur. Azərbaycan əsgəri isə həmişə mərdliklə döyüşüb. Son damla qanınadək. Sadəcə, şərait və şərtlər fərqli idi. Ona görə də Qarabağ müharibəsi haqqında kimsə fikir bildirirsə, lütfən, ifadələrinə diqqət etsinlər. 

Rey Kərimoğlu Xalq yazıçısı Anarın müraciətini isə əsl ziyalı mövqeyi adlandırdı: “Anar müəllim əsl ziyalı nümunəsi göstərdi. Normal yazıdır, fikrini açıq ifadə edib. Qüsurlu yanaşmalarsa cəmiyyətdə parçalanma yaradır. Ali Baş Komandanın milli birlik, həmrəylik siyasətinə də  ziddir, dövlətin həmrəylik konsepsiyasına da. Bunun mənfi nəticələri ola bilər. Biz qazilər bəzən bunu hiss edirik, görürük, bəzən tədbirlərə Birinci Qarabağ müharibəsinin iştirakçılarını, qaziləri, şəhid ailələrini dəvət etmirlər. Halbuki hər kəs cəmiyyətdə həmrəyliyə nail olunmasına çalışmalıdır”.  

Fikir bildirəndə düzgün ifadələrdən istifadə edilməlidir ki, yanlış da anlaşılmasın. Kimsənin yazıçını sancmasına da imkan yaranmasın. Bu da taktikadır. Döyüş taktikasını bilməməyiniz anlaşılandır. Yazı taktikasını ki, bilməlisiniz! Xalqın həssas nöqtələrini də. Xüsusən, əgər danışan xalq yazıçısıdırsa.