Ağsunun Gəgəli kəndində şəhidlərin xatirəsinə xiyaban salınıb


Noyabrın 6-da Zəfər Günü ərəfəsində Ağsu rayonunun ən iri və qədim yaşayış məntəqələrindən olan Gəgəli kəndində şəhidlərin xatirəsinə xiyabanın açılışı olub. Açılış mərasimində rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov, Milli Məclisin deputatı Tahir Kərimli, şəhid ailələri, qazilər, Vətən müharibəsi iştirakçıları, rayon ictimaiyyətinin nümayəndələri, kənd sakinləri iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, "Gəgəli kəndinin Şəhidlər xiyabanı" kəndin girişində, "Ömər Lahıci" su arxının kənarında inşa edilib. Abidə-kompleks Gəgəli kəndinin Birinci və İkinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalan 13 nəfər vətən oğlunun mərmər lövhə üzərində əksi olan memorial daş abidədən və qarşısındakı 0,5 hektarlıq geniş parkdan ibarətdir. Xiyabanda ziyarət etmək və dincəlmək üçün şərait yaradılıb. Xiyaban Gəgəli kəndindən olan iş adamının təşəbbüsü və maliyyə dəstəyi ilə inşa olunub.

Açılışdan əvvəl xiyabanla tanışlıq olub, şəhid ailələri ilə söhbət edilib. Açılış mərasimi Dövlət Himninin səslənməsi ilə başlanıb. Məktəblilər vətənə, şəhidlərə həsr olunan şeirlər söyləyiblər. Rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov ötən il sentyabrın 27-də başlanan və Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gündə qələbə ilə başa çatan Vətən müharibəsinin tarixi əhəmiyyətindən, Zəfərin qazanılmasında ölkə başçısının misilsiz xidmətindən, Azərbaycan Ordusunun şücaətindən bəhs edib. Vurğulanıb ki, Gəgəli kəndinin istər Birinci Qarabağ, istərsə İkinci Qarabağ müharibəsində şəhid olan oğulları qürurumuzdur və onlar ehtiramla anılır.

Milli Məclisin deputatı Tahir Kərimli Gəgəli kəndinin qədim türk, tərəkəmə yurdu olduğunu, hələ 1918-ci ildə erməni-daşnaq qüvvələrinə qarşı döyüşdüyünü, Qarabağ müharibəsində şəhid və qaziləri olduğunu bildirib. Şuşanın azad olunmasının Zəfərimizin zirvəsi olduğunu qeyd edən deputat Gəgəli kəndinin istər Birinci Qarabağ, istərsə İkinci Qarabağ müharibəsində verdiyi şəhidlər haqqında yazılmalı olduğunu, onların qəhrəmanlıqlarının gənc nəslə tanıdılmalı olduğunu söyləyib. Şəhidlər xiyabanının açılış mərasimində çıxış edən şəhid Vüsal İbişovun atası Əli İbişov və qazi Mehdi Cərullayev şəhidlərə göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib. İcra başçısı Rövşən Bağırov ölümündən sonra şəhid Elmir Süleymanlıya verilən “Cəsur döyüşçü” medalını atası Aqil Süleymanova təqdim edib.