“Amnistiya düşənlərin ilk addımları şəhid məzarlarını ziyarət olacaq" - Millət vəkili

“İndiki amnistiyanın fərqli, eyni zamanda da qürur doğuran tərəfi ondan ibarətdir ki, torpaqlarımızın azadlığından on minlərlə soydaşımıza növbəti sevinc payı düşəcək”. 

“Sherg.az”ın xəbərinə görə, bu barədə millət vəkili Sahib Alıyev deyib.

Deputat bildirib ki, cənab Prezident özü Vətən savaşındakı Zəfərdə xalqımızın bütün təmsilçilərinin rolu olduğunu bildirib və bu, həqiqətən də belədir: 

“Bu Zəfərdə iştirakına və yardımına ehtiyac duyulmayan vətəndaşlımız ən azından dualarıyla ordumuzun yanında oldular. Mən dəqiq bilirəm, elə məhbuslar da vardı ki, onlar savaş günlərində öz azadlıqları yox, torpaqalrımızın azad olunması üçün dua edirdilər. Duaları biz görürük ki, indi özlərinə yanaşmada da müstəcəb olur. Zəfər Bayramına həsr olunan bu amnistiya məncə, məhbuslarımız və elə cəmiyyət üçün də  həm də ibrət mahiyyətlidir. Bilirsinz ki, həbs yerlərində namus yolunda cinayət törədənlərə müəyyən rəğbət var. Cəmiyyətdə isə qınanmaqdan daha çox onlara acındığını görürük. Fəqət əgər bir əməl hüquqda cinayət kimi təsbit edilirsə,  hansı motivlə törədilməsindən asılı olmayaraq demək, cinayətdir. Hər kəs, ilk növbədə də namus yolunda cinayət törədənlər anlamalıdırlar ki, milli namusdan böyk namus yoxdur. İnsan ancaq bir halda hər şeyə, hətta ölümə gedə bilər. O da milli ləyaqətinə və namusuna toxunulduqda”.

S.Alıyev qeyd edib ki, 44 günlük savaş zamanı şəhidlərimiz və qazilərimiz məhz bunu göstərdilər, bunu etdilər: 

“Əminəm ki, bu amnistiya nəticəsində azadlığa çıxanlar, özəlliklə də aralarındakı gənclər məhz onları özlərinə örnək biləcəklər. Azadlıqda atdıqları ilk addımlardan biri şəhid məzarlarını ziyarət olacaq. Zəfər bayramı ərəfəsində bir daha şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə öz sayğımı bildirirəm”.