Qəhrəmanlarımızın adlarının əbədiləşdirilməsi mənəvi borcumuzdur  - Partiya sədri

“Respublikanın müxtəlif şəhər və rayonlarındakı 37 məktəb və liseyə Milli Qəhrəmanların və Vətən Müharibəsi Qəhrəmanlarının adlarının verilməsini təqdir edirik”.

Bu barədə Sherg.az-a Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov deyib. 

Partiya rəhbəri bildirib ki, qəhrəmanlarımızın adlarının əbədiləşdirilməsi mənəvi borcumuzdur: 

“Bu, çox gözəl təşəbbüs və addım oldu. Şəhid ailələri, Milli Qəhrəmanların doğmaları, qazilər bu addımı isti qarşıladılar. Şəhidlər və qəhrəmanlarımızın xatirəsi üçün nə etsək də azdır. Onların adlarının məktəblərə verilməsi böyüməkdə olan uşaqlara və gənc nəslə də örnək olacaq. Şagirdlərimiz, gənclərimiz vətənpərvərliyi real qəhrəmanlarımızın nümunəsi əsasında əxz edəcəklər. 
Sözügedən qərarın verilməsi həm də "Şəhidlər ölməz, Vətən bölünməz" inancımızın əyani təsdiqidir. Biz onların adlarını əbədiləşdirmək və Vətən yolundakı şücaətlərini təbliğ etmək üçün bundan sonra bu cür təşəbbüsləri davam etdirməliyik. Bu istiqamətdə görülən işlər eyni zamanda milli həmrəyliyimizin təmin edilməsinə xidmət edir”.