İngilis və rus dilini bilməyənləri işə götürmürlər



Millət vəkili bölgələrdəki işsizlikdən danışıb

“Rayonların 95 faizində kitab mağazası yoxdur. Kəndlərin çoxunda xarici dil müəllimi yoxdur”. Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin dünənki iclasında millət vəkili, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı deyib. Onun sözlərinə görə, bütün idarə və qurumlarda tələb edirlər ki, ingilis və rus dilini bilməyən işçi işə götürülməsin: 

“O kənddə, rayonda yaşayan bu dili necə öyrənsin? İşsizliyin aradan qaldırılmasının da yolları tapılmalıdır. Yeni müəssisələr yaradılmalıdır. Bakıda neçə zavod bağlandı, onların metallarını belə satıblar. İşsizliyin ləğvi üçün yeni müəssisələrin qurulması vacibdir”. 

Deputat Bakıda uşaq bağçalarının çatışmamasına da toxunub: “İnsanlar uşağını bağçaya qoymaq üçün rüşvət verməyə məcbur edilir”. 

S.Rüstəmxanlı dövlət qurumlarında əhaliyə və millət vəkillərinə diqqətin artırılmasının vacibliyini də vurğulayıb: 

“Mən nazirliyə məktub göndərirəm, cavab gəlmir. Səfa müəllim (Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev – red.) göndərir, ona cavab gəlir. 125 deputatın yerinə Səfa müəllim məktub göndərə bilməz axı...”.