Müraciətlərin çoxu işsizliklə bağlıdır

Millət vəkili hökuməti yeni iş yerləri açmağa çağırıb

Birinci Qarabağ şəhidlərinin ailə üzvləri də kredit borclarının bağışlanmasını xahiş edirlər

Dünən Milli Məclisdə “2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev çıxış edib. Komitə sədri bildirib ki, vətəndaşları qəbul edərkən müəyyən problemlərin qaldığı aydın olur: “Birinci Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün tikilmiş binalar yerli icra hakimiyyətlərinin idarəsinə verilib. O binaların əsaslı təmirinə ehtiyac var, amma buna imkan yoxdur. Bundan başqa, Birinci Qarabağ şəhidlərinin ailə üzvləri İkinci Qarabağ müharibəsi şəhidlərinin ailə üzvləri və qazilərinin kredit borclarının bağlanmasını əsas gətirərək, onların da bu borclarının bağlanmasını xahiş edirlər”.

“Yeni iş yerlərinin açılması vacibdir...”

Musa Quliyev hökuməti yeni iş yerləri açmağa çağırıb. Deputatın sözlərinə görə, əmək məhsuldarlığının yüksəldilməsi hər bir dövlətin qarşısına qoyduğu prioritet məsələlərdən biridir: “İş yerlərinin açılması məşğulluğun daha geniş miqyasda təmin olunmasına şərait yaradardı. Vətəndaşlarımızın yeni iş yerləri axtarmasına zərurət yaranıb. Məsələn, Gəncədə 4000-dən çox daimi iş yerinə ehtiyac olduğu halda, yeni açılan iş yerləri bundan dəfələrlə azdır. Müraciətlərin çoxu işsizliklə bağlıdır. Pandemiya dövründə də gördük ki, insanlar sosial iş yerlərinə o qədər də həvəslə getmirlər. İş yerlərinin açılması daha çox özəl sektorun üzərinə düşür. Amma özəl sektoru da təşviq etmək üçün işlər görülməlidir”.

“Müharibə veteranlarına verilən pul bir aylıq xərcləri ödəmir”

Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov müharibə veteranlarına verilən aylıq müavinətin 130 manata qaldırılmasını təklif edib: “Son 20 ildə Azərbaycanın dövlət büdcəsi ilbəil artır. Heç vaxt büdcədə kəsir yaranmayıb. Müharibə veteranlarına verilən pul bir aylıq xərcləri ödəmir. Çünki bu müavinət təyin olunandan sonra ərzağın da, suyun da, işığın da qiyməti qalxıb. Mümkünsə bu vəsaitin, heç olmasa, 130 manata çatdırılmasını təmin edək”.

“Partiyalara ayrılan vəsait artırılmalıdır...”

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev partiyalara ayrılan vəsaitin bölgüsündən şikayətlənib, polis və FHN əməkdaşlarının maaşının artırılmasını təklif edib: “Siyasi partiyalara ayrılan vəsait çox ədalətsiz bölüşdürülür, vəsait daha çox hakim partiyaya çatır. Dövlət büdcəsindən ayrılan vəsait partiyaların deputatlarının sayına görə partiyalar arasında bölüşdürülür. Əslində, azlıqda olan partiyalara daha çox vəsait ayrılmalıdır. Eyni zamanda dövlət büdcəsində QHT üçün nəzərdə tutulan vəsaitlərin də artırılmasına ehtiyac var”. Deputat qeyd edib ki, polislərdən aşağı zabit heyətinin maaşının da iki dəfə artırılmasına ehtiyac var: “Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının da maaşı artırılmalıdır, onların maaşı aşağıdır”.

“Niyə indiyə qədər qəbul olunmur?”

Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli “Hərbi qulluqçuların statusu haqqında” qanunun tezliklə qəbulunu istəyib. Vurğulayıb ki, “Hərbi qulluqçuların statusu haqqında” qanun 1991-ci ildə qəbul edilib: “Yeni qanun layihəsi parlamentdə hazırlanıb, ancaq niyə indiyə qədər qəbul olunmur?”. T.Kərimli deyib ki, yeni qanunda hərbi qulluqçular üçün bir çox təminatlar, güzəştlər nəzərdə tutulub: “Həmin qanunun qəbul edilməsini zəruri sayıram”. 

“Bir avtomat darağı neçəyədir?”

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov qeyd edib ki, müdafiə və təhlükəsizlik üçün gələn il büdcədən 4,5 milyard manat ayrılıb: “Biz bu vəsaitin digər istiqamətlərə ayrılmasını istərdik, amma necə edək ki, Ermənistan kimi qonşumuz var. Müharibə iqtisadi baxımdan asan başa gəlməyib. Bir avtomat darağı neçəyədir? Bunu mənə açıqladılar, onu demək istəmirəm. Hələ başqa silahlar, sursatlar və texnikanı demirəm. Bunun qarşılığında qalib olduğumuz Vətən müharibəsindən sonra hökumətin belə bir büdcə təqdim etməsi böyük nailiyyətdir”.