Atəş səsləri hələ çox eşidiləcək

Kreml Ermənistanla Azərbaycan arasında sülhün əldə edilməsində maraqlı deyil

Ermənistan tərəfi Azərbaycanla sərhəddə atəşkəsi ardıcıl olaraq pozmaqdadır. Erməni silahlı qüvvələrinin bölmələri noyabrın 15-i gecə saatlarından başlayaraq Kəlbəcər rayonunun Zəylik və Yellicə yaşayış məntəqələrində yerləşən Azərbaycan Ordusunun mövqelərini atəşə tutublar. Mövqelərimiz heç bir səbəb olmadan snayper tüfəngi və qumbaraatan da daxil olmaqla müxtəlif çaplı atıcı silahlardan istifadə edən qarşı tərəfin intensiv atəşinə məruz qalıb. Bundan əlavə infrastrukturun bərpası məqsədilə yol işləri aparan traktor və 2 ədəd "KamAZ" markalı avtomobil də Ermənistan hərbi bölmələrinin hədəfinə tuş gəlib. 

Texnikaya zərər dəysə də şəxsi heyət arasında xəsarət alan olmayıb. Həmin günün səhəri Ermənistan tərəfi Kəlbəcər və Laçın istiqamətində ikinci dəfə atəşkəsi pozublar. Baş verənlərdən sonra Müdafiə Nazirliyi Ermənistanın hərbi-siyasi rəhbərliyinə növbəti dəfə xəbərdarlıq edib. Bildirib ki, dövlət sərhədində yaradılan istənilən qarşıdurmanın nəticələrinə görə, bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşəcək. 

Milli Cəbhə Partiyasının sədr müavini Məhəmməd Əsədullazadə “Şərq”ə bildirib ki, Ermənistanın dövlət sərhədinin Laçın və Kəlbəcər istiqamətində atəşkəsi mütəmadi pozması və hücum planı strateji yüksəklikləri ələ keçirib, delimitasiya prosesində mövqeyini gücləndirməkdən ibarətdir. Politoloqa görə, hazırda danışıqlar prosesi məhz İrəvan tərəfindən pozulub, ortada heç bir müsbət nəticə yoxdur: 

“Ermənistan Baş naziri Nikol Paşinyan Rusiyanın danışıqlar prosesində vasitəçiliyini və danışıqlar normal aparılacaqsa, Moskvanın Ermənistanda siyasi mövqelərinin gücləndirilməsinə gətirib çıxaracağından çəkinir. Kreml də Ermənistan və Azərbaycan arasında sülhün əldə edilməsində maraqlı deyil. Təbii ki, baş verənlər mövcud situasiyanı gərginləşdirir. Azərbaycanla yanaşı, Ermənistan da dövlət sərhədində Rusiya silahlı qüvvələrinin olmasını istəmir. O səbəbdən Azərbaycanın strateji yüksəkliklərdə möhkəmlənməsi və erməni ordusunu buradan çıxarması fonunda İrəvan Rusiyaya müraciət etməkdən imtina edir. 

İrəvan çalışır ki, Naxçıvanla Azərbaycanı birləşdirəcək avtomobil yolu Rusiyanın nəzarətində olmasın. Bu, Azərbaycanın da maraqlarına cavab verir. Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi ərazilərdə ermənilərin sərbəst fəaliyyətinə gəldikdə isə Moskva bununla Azərbaycana qarşı yeni senarilər hazırlayır. Bu, əsasən terror-təxribat və diversiya fəaliyyəti ola bilər. Yaxın zamanda anti-terror əməliyyatlarına başlamaqdan başqa çarəmiz yoxdur. Türkiyənin də əməliyyatlarda iştirakı mümkündür. 

Şuşa Bəyannaməsi Türkiyənin birbaşa Azərbaycana hərbi kömək göstərməsini labüd edir. 

Baş verənlər vəziyyəti gəginləşdirməyə hesablansa da, ümumən proseslər Azərbaycanın lehinə olacaq”.