Məmurlar zalım olmasınlar!

Döyüşdə iştirak edən hərbçilərə ikiqat maaş verilməlidir

“Məmurlar şəhid ailələrinə və qazilərə qarşı zalım olmasınlar”. Bunu millət vəkili Tahir Kərimli deyib. Deputat “Hərbi qulluqçuların statusu haqqında” qanun layihəsinin hazırlandığını və Silahlı Qüvvələrin bütün növlərinə aid olduğunu bildirib.

Onun sözlərinə görə, qanun layihəsində nəzərdə tutulur ki, hərbi qulluqçuların maaşı dövlət qulluqçularının maaşından az olmamalıdır: “Hərbçilərin ildə bir dəfə müalicə alması bu qanunda da əksini tapıb. Bundan əlavə döyüşdə iştirak edən hərbi qulluqçulara 2-3 qat maaş verilməlidir. Məmurlar şəhid ailələrinə və qazilərə qarşı zalım olmasınlar. Bəzi məmurlar şəhid və qazi ailələrini incidirlər. Həmin məmurlar çörək yeyəndə əlləri olmayan qaziləri, yeriyəndə ayağı olmayan qaziləri düşünsünlər. Analar var ki, uşaqların soyuq məzarlarını qucaqlayırlar. 3000-ə yaxın cavan itirmişik. 

Həyat yoldaşını, nişanlısını itirən xanımlarımızı, onların hansı vəziyyətdə olduğunu düşünsünlər. Xudayarın həzin səsini yadlarına salsınlar. Məmurlar zalım olmasınlar”.