Bələdiyyə sənədinə heç bir etibar yoxdur

Millət vəkilləri deyib ki, əgər bu institut formal qurum kimi qalacaqsa, ləğv edilməlidir

Bələdiyyələrin üzərindən "torpaq satan" damğası götürülməlidir

Dünən Milli Məclisin payız sessiyasının növbəti plenar iclası baş tutub. İclasın gündəliyinə 21 məsələ daxil edilib. Bir sıra deputatlar “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” qanun layihəsinə nəzərdə tutulan dəyişikliyə etiraz ediblər və qanun layihəsinin əleyhinə səs veriblər. “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” qanun layihəsinin müzakirəsi zamanı çıxış edən millət vəkili Fazil Mustafa bələdiyyələrin fəaliyyətsizliyinə də diqqət çəkib.

F.Mustafanın sözlərinə görə, vaxtilə Konstitusiyaya düzəlişlər ediləndə bələdiyyələrin Milli Məclisə hesabat verməsi barədə müddəa əlavə edilib. Amma bir dəfə də olsun bir bələdiyyə Milli Məclisə hesabat verməyib: “Ölü maddə kimi orda qalıb. Bir seçkili orqan digər seçkili orqana hesabat verə bilməz, bunu Konstitusiyadan çıxartmaq lazımdır”. Deputat bildirib ki, vətəndaşların bələdiyyə sənədinə etibarı yoxdur. “Sənədi etibarsız olan bir yerli özünüidarə orqanına nə ehtiyac var?”. Məclis sədrinin birinci müavini Əli Hüseynli isə bildirib ki, Konstitusiya belə münasibəti qəbul etmir: “Bu gün bələdiyyələrə nəzarəti həyata keçirən qurum mövcuddur. Bu qurum da hər il burada hesabat verir. Bu, hakimiyyət orqanları ilə səmərəli əməkdaşlığın bir formasıdır”. Məlumat üçün bildirək ki, qanun layihəsi yerli əhəmiyyətli tikinti materialları bələdiyyə vergilərinin vergitutma obyekti siyahısından çıxarılır. Yerli əhəmiyyətli tikinti materialları üzrə bələdiyyə büdcəsinə ödənilən mədən vergisi dövlət vergilərinə aid olunur.

“Bələdiyyələri formal qurum kimi saxlamaq nəyə lazım?

Millət vəkili Razi Nurullayev də bildirib ki, əgər bələdiyyələr formal qurum kimi qalacaqsa, birdəfəlik ləğv edilsin: “Get-gedə yerli hakimiyyətlər daha çox mərkəzə tabe edilir. Vergilərin qalan hissəsi də mərkəzləşir. Bu tip idarəetmə sistemi ziyanlıdır. Elə bil sosialist əmək və idarəetmə sistemini yenidən bərpa edirik. Bələdiyyə dotasiya ilə yaşayar? Bizdə xeyli bələdiyyə var idi ki, özlərini saxlaya bilirdilər, indi onları da əlimizə baxmağa vadar edirik. Düzgün yanaşma deyil. Bələdiyyə institutunun gücləndirilməsi üçün çalışmalıydıq, biz əksini edirik. Bələdiyyələrin effektiv işləməsi üçün onların üzərindən “torpaq satan” damğasını götürməli və üzərlərinə yerli inkişafa nail olmaq üçün ciddi məsuliyyət qoymalıyıq. Bunun üçün də onların yerli səviyyədə maliyyə imkanlarını genişləndirməliyik, daha kiçicik işıq gələn yeri da tutmalı deyilik. Əgər deyildiyi kimi, onlar vergini yığa bilmirdilərsə, mərkəzi hökumət gedib vergini yığsın, amma yığım həmin bələdiyyənin büdcəsinə verilsin”.

“Nəyə görə bu insanlar nəzərdə tutulmur?”

Milli Məclisin regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib ki, vergi güzəştlərinə dair yeni qanun layihəsində ancaq İkinci Qarabağ müharibəsi iştirakçıları, şəhid ailələri və qazilər nəzərdə tutulur: “Birinci Qarabağ müharibəsi ilə əlaqədar şəhid ailələri də bu məsələni qaldırır. Buna aydınlıq gətirilməlidir. Nəyə görə bu insanlar nəzərdə tutulmur? Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən eyni qaydada Birinci və İkinci Qarabağ müharibəsi şəhid ailələri, əlilləri, qazilərə sosial ödənişlər edilir, evlə, maşınla təmin olunurlar”. Deputat vergi güzəştlərinin Birinci Qarabağ müharibəsi şəhidlərinin ailələrinə də şamil edilməsini istəyib. 
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev isə deyib ki, yaxın gələcəkdə ehtiyac meyarı olmayacaq: “Bu məsələ gələcək hədəflərdən biridir. Ünvanlı sosial yardımı təyin etmək üçün yaşayış minimumundan istifadə edəcəyik”. Qeyd edək ki, gələn il üçün ehtiyac meyarının həddi 200 manat məbləğində müəyyənləşdirilib. 

“Vəkilin vergi və ödəniş yükü çox ağırdır”

Deputat Bəhruz Məhərrəmov dövlət hesabına hüquqi yardım üçün vəkillərə ödənilən məbləğin artırılmasını təklif edib: “Vəkilin vergi və ödəniş yükü çox ağırdır, ümumilikdə 34 faiz vergi və icbari ödəniş nəzərdə tutulur. Eyni zamanda vəkillərin pensiya təminatı ilə bağlı problemlər var. “Əmək pensiyaları haqqında” qanunda prokurorluq, məhkəmə və s. orqanların pensiya təminatının yaxşılaşdırılması ilə bağlı güzəştlər nəzərdə tutulsa da, vəkilliyə münasibətdə, nədənsə, bu yanaşmanı görmürük. Digər problemi isə dövlət hesabına hüquqi yardım üçün vəkilə ödənilən məbləğlə bağlıdır. Əvvəl bu məbləğ 2 manat idi. Prezident böyük humanistlik göstərərək 22 fevral 2018-ci il tarixli sərəncamı ilə Nazirlər Kabinetinə bu məbləğin artırılmasını tapşırdı, hökumət də həmin ilin mayında bu vəsaiti 3 dəfə artırıb 6 manata çatdırdı. Artırılan məbləğə nəzər yetirsək, faktiki olaraq xərcləri çıxanda dövlət hesabına hüquqi yardım prosesində vəkil nəinki qazanmır, əksinə, bəzən əlavə xərclərin altında qalır. İndiki halda bu məbləğin azı 2 dəfə artırılması, habelə, dövlət hesabına yardımlar üzrə ödənilən vəsaitin vergi və ödənişlərdən azad edilməsi zərurətdir. Heç olmazsa, dövlət hesabına yardım üzrə məbləğ vergidən azad olunmalıdır”. 

Deputat həmçinin mediasiya ilə bağlı təkliflərini səsləndirib: 

“Bu təsisat hələ yeni formalaşır, bu mənada ilkin yardım və dəstəyin olması vacibdir. Bir müddət öncə Vəkillər Kollegiyası təsisata müəyyən yardım etdi. Hesab edirəm ki, hökumət yaxın 1, yaxud 2 il ərzində mediasiya strukturlarına yardım edib, təsisatı gücləndirməlidir. Habelə mediatorların güzəştli pensiya təminatı da diqqət yetirilməli vacib məsələlərdəndir”. 

Parlamentin sədri Sahibə Qafarova bu məsələyə komitədə baxıla biləcəyini deyib.