Yenə qış, yenə dəm qazı... – Ölüm və zəhərlənmə halları artır! – Nə etməli?

Elmar Nurəliyev: “Detektor quraşdırılan məkanda dəm qazı olduqda avtomatik olaraq qazın gəldiyi mənbəyə elektromaqnit şüaları ötürülür”

“Onun ötürdüyü siqnal vətəndaşa evdə dəm qazı olduğunu bildirir. Vətəndaş da lazımi tədbirləri görür”

“Beləcə faciəvi hadisənin də qarşısı alınır.Hər kəs bu detektorlardan faydalansa yaxşı olar” 

Son bir ayda Kliniki Tibbi Mərkəzə dəm qazından zəhərlənmə faktı ilə bağlı 30 nəfər müraciət edib. Bu barədə Kliniki Tibbi Mərkəzin mətbuat xidmətindən  məlumat verilib.Qeyd olunub ki, müraciət edən şəxslər arasında ölüm hadisəsi olmayıb, onların hər biri həkimlərin səyi nəticəsində sağalaraq evə buraxılıb. 

Məlumatda həmçinin dəm qazından zəhərlənmə əlamətləri  və hadisə zamanı ilkin təcili yardım gələnədək görülməsi zəruri olan bəzi tədbirlər öz əksini tapıb.Qurum havaların soyuması ilə əlaqədar son zamanlar bu kimi hadisələrin çoxaldığı üçün əhalini ehtiyatlı olmağa çağırıb.

Statistika ölkəmizdə dəm qazından zəhərlənmə halllarına qarşı illərdir, aparılan məlumatlandırma və maarifləndirmə işinin yetərli olmadığını göstərir. Bəs problemdən çıxış yolunu tapmaq üçün hansı addımlar atılmalıdır?

Mövzunu “Sherg.az”a dəyərləndirən təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev bildirib ki, bu mövzuda maarifləndirmə işi apararkən insanların detektorlardan istifadəsinə diqqət yönəltmək lazımdır:

“Detektor quraşdırılan məkanda dəm qazı olduqda avtomatik olaraq qazın gəldiyi mənbəyə elektromaqnit şüaları ötürülür. Onun ötürdüyü siqnal vətəndaşa evdə dəm qazı olduğunu bildirir. Vətəndaş da lazımi tədbirləri görür. Beləcə faciəvi hadisənin də qarşısı alınır.Hər kəs bu detektorlardan faydalansa yaxşı olar”. 

Ekspert kustar üsullarla hazırlanan avadanlıqlardan uzaq durmaq vacibliyini vurğulayıb. O bu cür cihazlar satışda olduğu müddətdə maarifləndirmə aparılsa da, insanların onlardan istifadə edəcəyini söyləyib. E.Nurəliyev dəm qazından ən çox ehtiyat  etməli olduğumuz  məkanlara  diqqət çəkib: 

“Hamam otaqları belə yerlərdən biridir. Burda vintilyasiya sistemi olmalıdır. Yoxdursa,heç olmasa qapının altında üç-beş dəlik və ya daim açıq saxlanılan nəfəslik olsun. 

Dəm qazından zəhərlənmə hallarının qeydə alındığı məkanlara baxsaq görərik ki, orda qaz təchizatı var. Kombi olan yerlərdə bu hala rast gəlinmir”. 

Ekspert qaz sobası olan evlərdə bacanın  təmizlənmə prosesindən danışıb:

 “Bunun ən sadə yolunu da deyə bilərəm. 

Məftilləri və ya simləri bir-birinə dolaşdırıb kirpi formasına salsınlar. Onu bir qədər ağır dəmir parçasına bağlayıb iplə tüstü bacasının içinə qoysunlar.

 Beş-altı dəfə aşağı- yuxarı çəkməklə bacanın içində olan bütün tullantını aradan qaldırmaq olar.Bəzən orda ölmüş heyvan cəsədi belə qala bilir. Elə tüstü bacaları var illərlə təmizlənmir. Nəticədə yaranmış dəm qazı içəri vurur. 

Qaz sobalarının tüstü bacasını vaxtaşırı təmizləmək mütləqdir. Belə primitiv təhlükəsilik qaydalarına əməl etməklə sağlamlığımızı qoruya bilərik”.