Son günlər sosial şəbəkələrdə üzərinə Xarıbülbül toxunmuş corabların istehsalı müzakirələrə səbəb olub. Məlumata görə, həmin corablar “Corabb.” Brendi adı altında istehsal olunur. Bir çoxları bu addımı birmənalı qarşılamayıb. İnsanların qəzəbinə, qınağına səbəb olub. Qələbəmizin rəmzi hesab edilən “Xarıbülbül”ün fotolarının corab üzərinə toxunması narazılıqla qarşılanıb.
Bunu şəhidlərimizə hörmətsizlik əlaməti kimi dəyərləndiriblər. Qalibiyyət simvolumuzun corablarda əks olunmasına etiraz ediblər. İstehsal firmasını isə tənqid ediblər.
Qınaq obyektinə çevrilən məsələ barədə “Sherg.az”a danışan hüquq müdafiəçisi, ictimai xadim Novella Cəfəroğlu bildirib ki, xalqımız atributları müəyyən qədər emosionallaşdırır:
“Amerikanın bayrağı harada istəsək, var. Hətta bayraqlı alt paltarları da istehsal olunur. Bu, o demək deyil ki, onlar Amerika bayrağını sevmirlər.
Ölkəmizdə ayaq geyimlərinin üzərinə Xarıbülbül nişanəsinin vurulması sevgidən irəli gəlir. Hər yerdə qələbəmizin rəmzi olsun.
Nişanəni aşağılamaq niyyəti ilə istehsal edilməsi inandırıcı gəlmir. Xarıbülbül vətənini, millətini sevən hər bir azərbaycanlının ürəyinin bir parçasıdır”.