Hər kim minaya düşərsə, günah onun özündədir – Gizli yollarla keçirlər!

 İşğaldan azad olunan ərazilərdə minaya düşərək həlak olan şəxslərin sayı açıqlanıb. Baş Prokurorluğun Mətbuat Xidmətindən verilən məlumata görə, 10 noyabr 2020-ci il tarixindən hazırkı vaxtadək işğaldan azad edilən ərazilərdə minaya düşmələri nəticəsində 7 hərbi qulluqçu, 29 mülki şəxs həlak olub, 109 hərbi qulluqçu, 44 mülki şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Maraqlıdır, necə olur ki, vətəndaşlar qanunsuz şəkildə minalanmış ərazilərə keçə bilirlər? Ümumiyyətlə, bu halların qarşısını almaq üçün hansı addımlar atılmalıdır?

Sualımızı cavablandıran "Qarabağ Qaziləri” İctimai Birliyinin sədri Asəf Əliyev “Sherg.az”ac hər bir vətəndaşın özündə məsuliyyətsizlik gördüyünü deyib:

"Əslində, minalanmış ərazilərə keçmək qadağandır. Amma insanlar hansısa yollarla bu ərazilərə keçirlər. Əksəriyyəti də həmin kəndlərdə, rayonlarda qalan, hər bir yolunu, cığırını bilən insanlardır. Elə yer var ki, orada hərbi qulluqçu dayanmır.  Həmin ərazilərə gizli yollarla gedirlər”.

A.Əliyev hesab edir ki, heç bir səlahiyyətli şəxsdə günah yoxdur:

"Demək olar ki, insanları ora buraxmırlar. Bəziləri düşünə bilər ki, onları həmin ərazilərə icazəsiz buraxırlar, nəticədə də minaya düşürlər. Amma elə deyil. Özüm dəfələrlə rayon səfərlərində olmuşam. Şuşa, Ağdam və s. fərq etməz. 

Orada verilən proqram, xəritə çərçivəsində hərəkət etməlisən. Biz dövlət səviyyəli tədbirlərdə olanda nəzarətçilər yanımızda olurdu. 

Fərqli statusda olan hər bir şəxs də hərbçilərin nəzarətilə hüdudlardan kənara çıxa bilmir. Lakin vətəndaşlar özləri laqeyd yanaşır, gizli şəkildə bunu edirlər.  
Təəssüf ki, belə hadisələr də bundan baş verir. Heç bir səlahiyyətli şəxsdə günah yoxdur”.

Cəmilə ƏZİM