Qazaxıstanın birinci prezidenti, Avrasiya İqtisadi Birliyinin fəxri sədri Nursultan Nazarbayev Azərbaycanı Avrasiya İqtisadi İttifaqına çağırıb.
O bu çağırışı Avrasiya İqtisadi Şurasının videokonfrans formatında keçirilən iclasında çıxışı zamanı edib. Siyasətçi açıqlamasında bildirib ki, Azərbaycana Avrasiya İqtisadi Birliyində müşahidəçi statusu verilə bilər:
“Düşünürəm ki, hamı belə fikirləşir. Bundan başqa, əvvəl də dediyimiz kimi, Azərbaycan Respublikası ilə Avrasiya İqtisadi İttifaqında müşahidəçi ölkə statusu alması üçün danışıqlar aparılmasını mümkündür. Özbəkistan nümunəsi ilhamlandırmalıdır. Qənaətimcə, Özbəkistan bundan az qazanmadı”.
İttifaqa qatılmağın Azərbaycana verdiyi vədlər barədə “Sherg.az” a danışan politoloq Əlimusa İbrahimov vurğulayıb ki, Azərbaycanın bu təşkilata daxil olma məsələləri uzun müddətdir ki, gündəlikdədir:
“Zaman-zaman diqqət mərkəzinə gətirilir, sonra bu mövzu arxa plana keçir. Bir neçə dəfə Azərbaycana bu istiqamətdə ismarışlar verilib. Bildiyimiz kimi Azərbaycan Vətən müharibəsindən əvvəl bu təşkilata qoşulmaqdan imtina edib. Çünki ermənilərin orada iştirakı və Azərbaycan-Ermənistan arasında olan münaqişəli vəziyyət hökm sürür. Bu səbəblər onu Avrasiya Birliyinə daxil olmaqdan çəkindirib. İndiki halda baxmayaraq ki, təşkilata Rusiya rəhbərlik edir, amma türk faktoru önə çıxıb. Fikrimcə, türkdilli dövlətlər təşkilata sanki rəhbərlik edir, onun işini istiqamətləndirirlər. Rusiyanın özünün də ehtiyacı var ki, öz ətrafını, çevrəsini genişləndirsin. Həm də çevrəni böyütmək Azərbaycan, Türkiyə və digər dövlətlər hesabına baş versin”.
Politoloqun qənaətincə, birlik hazırda əvvəlki qədər Azərbaycan üçün təhlükəli ehtimal edilə bilməz:
“Bu təşkilata daxil olmaq ölkələrarası münasibətlərin daha da intensivləşməsinə səbəb olacaq. Həmçinin iqtisadi münasibətlərin yaxşılaşmasına təsir göstərəcək. Təbii ki, son sözü rəsmi Bakı deyəcək. Dövlət səviyyəsində qərar qəbul olunarsa, ölkəmizin xeyrinə olacaq. Bu məsələdə heç bir məcburiyyət ola bilməz. Əgər Azərbaycanın mənafeyinə cavab verəcəksə, bu addım atılacaq.
Eyni zamanda bu təşkilatda iştirak Azərbaycanın digər təsisatlarla münasibətlərinə kölgə düşürməməlidir. Zənnimcə, qoşulmaq haqqında düşünməyə dəyər”.