Zürafə boyunlu qadınlar...

Qəbilənin zərif cinsi uzun boyunlu görünmək üçün sözün tam mənasında əsl işgəncə görür

Tarixçi-etnoqraflar hesab edir ki, boyuna halqa keçirmək ənənəsi qədim dövrlərdən mövcud olub

Myanmarda yaşayan Karen qəbiləsinin qadınları boyuna halqa keçirmək ənənəsini əsrlərdir yaşadır. Boyuna halqalar keçirmək adəti Asiya və Afrika xalqlarına məxsus ənənədir. Tarixçi-etnoqraflar hesab edir ki, boyuna halqa keçirmək ənənəsi qədim dövrlərdən mövcud olub.  “Şərq” bu qədim ənənə ilə bağlı Türkiyə mediasında yer alan maraqlı yazının oxuculara təqdim edir. Boyuna halqa keçirmək vücud üzərində aparılan ən qədim dəyişikliklər sırasındadır. Qədim insanlar niyə boyun halqalarına ehtiyac duyub? Mülahizələrdən biri budur ki, əsasən kəndlərdə yaşayan əhali pələnglərin hücumundan qorunmaq üçün boyunlarına halqa keçirib. 

Çünki pələnglər insana hücum edərkən adətən boyun nahiyəsinə atılırlar. Boyun həssas, kövrək hissədir, şikar tez əldə edilir. Boyuna halqa keçirildikdə isə yırtıcı heyvanlardan qorunmaq mümkündür. Digər mülahizə qadınların bilərəkdən boyunlarına halqa keçirməsi, bununla çirkin göründükləri üçün qonşu kəndlərdəki kişilərin onları qaçırmalarına mane olmalarıdır. Mülahizələrdən həqiqətə daha yaxını isə qadınların halqalar sayəsində boyunlarını uzatması və çirkin deyil, əksinə, gözəl görünmələridir. 

Boyuna halqa taxmaq adəti əsasən qadınlar arasında yayılıb. Səbəb də qadınların boyunlarını uzatmaq, uzun boğazlı – daha da gözəl görünmək istəyindən doğub. Molla Pənah Vaqif də Azərbaycan gözəlini belə vəsf edib: Boyun sürahıdır, bədənin büllür... Deməli, qadınlar dünya yaranandan gözəl görünmək üçün hər cür vasitələrə əl atıb, onlardan biri də məhz boyunun uzanması üçün istifadə edilən halqalardır. Myanmar qadınları da həmçinin. 

Myanmar qadınlarının boyunlarına keçirdikləri halqalar düyüdən hazırlanır. Halqalar çiyinləri basıb köks qəfəsini aşağıya doğru əysə də boyun uzun görünür. Halqalar 3-4 ildən bir dəyişdirilir. Halqalar sayəsində  qadınların hansı təbəqəyə mənsub olduğunu da bilmək olur. Varlı qadınlar qızıl halqalar taxır. 

Nisbətən kasıblar düyü halqaları, ya da dəmirdən, sümüklərdən emal edilmiş halqalardan istifadə edir. Halqalar qadınların öz həyat yoldaşına sədaqət rəmzi də hesab olunur. Əslində isə halqalar boyunu uzatmır, sadəcə, uzun boyunlu təəssüratı yaradır. 

Körpücük sümükləri və qabırğaları isə aşağıya doğru basıb əyir. Halqalar səbəbindən qadınların boyun əzələləri getdikcə zəifləyir, hətta səs telləri də zədələnir. Halqaların boyuna keçirilməsinə kiçik yaşlardan başlanır. 5 yaşlı qız uşaqlarının boynunda halqalar görmək mümkündür. 

Halqalar boyun dərisini yara etməsin deyə, halqa ilə boyun dərisi arasına bez parça qoyulur. Halqalı qadınların başlarını qaldırması isə mümkün deyil. Buna görə su içərkən pipetdən istifadə etmək məcburiyyətindədirlər. Amma boyun halqaları artıq keçmişdə olduğu qədər qalın, ağır deyil. Qadınlar indi yüngül və daha az halqa taxırlar. 

Turizm bölgələrində isə boyun halqaları həm də turistlərin diqqətini cəlb etmək üçün istifadə edilir. Myanmar qadınları sağlamlıqlarına indi daha artıq önəm verir və orqanizmə zərər verəcək halqalardan yavaş-yavaş uzaqlaşırlar.