Ustalar yetişməlidir


Ölkəyə hibrid avtomobillərin gətirilməsi artacaqsa, infrastruktur da genişlənməlidir

Hibrid avtomobillərin ölkəyə idxalı və satışı növbəti ildən vergidən azad edilir. Bu barədə məsələ Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb. Məcəlləyə təklif edilən dəyişikliyə əsasən, istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı və satışı üçün 2022-ci il yanvarın 1-dən 3 il müddətinə ƏDV tutulmayacaq. Bundan əlavə, elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerji doldurucularının idxalı üçün 2022-ci il yanvarın 1-dən 3 il müddətinə ƏDV tutulmayacaq. 
Avtomobil həvəskarlarını və avtomobil sahibi olmaq istəyənləri sevindirən dəyişiklikdir. Paytaxtda son zamanlar hibrid avtomobillər də çoxalmağa başlayıb. Həm yanacaq, həm də elektriklə işləyən bu avtomobillər sərfəli hesab olunur. Müasir dizaynlı olmaları, rahatlıqları da əlavə üstünlükdür. Qalır, avtomobillərin təmiri, enerjidoldurma məntəqələri, hibrid avtomobillərə bələd – “başı çıxan” ustalar məsələsi. Tutalım, hibrid avtomobilin təmirinə ehtiyac yarandıqda, ehtiyat hissələr, təmir edə biləcək maşın ustası tapılacaqmı? Nəqliyyat məsələləri üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov bu barədə Trend-ə danışıb. Ekspert bildirib ki, ölkəmizdə sürücülərin istifadə etdikləri hibrid avtomobillərinin çoxunun elekrtik cərəyanına qoşulmasına ehtiyac yoxdur: "Hibrid avtomobillərin başqa modeli isə cərəyana qoşula bilir. Elektromobil və hibrid avtomobillərin istismarı üçün eyni şərait lazımdır. Belə ki, həmin avtomobilləri kənardan elektrik enerjisi ilə doldurmaq üçün yerlər olmalıdır. Bu avtomobillər üçün xüsusi enerji doldurma qurğuları lazımdır. Hazırda ölkəmizin bir neçə şəhər və rayonlarında sürətli enerji doldurma məntəqələri var. Elektromobil və hibrid avtomobillərin sayı artdıqca belə məntəqələrin sayının artmasına gətirib çıxaracaq. Lakin belə avtomobillərin ehtiyat hissələrinin, servis xidmətinin, usta bazası ölkəmizdə hələ tam formalaşmayıb. Elektromobil və hibrid avtomobillərə qulluqda əsas hədəflərdən biri də texniki qulluğu bacaran ustalar yetişdirməkdir. Düşünürəm ki, növbəti ildən Azərbaycana idxal edilən bir sıra hibrid avtomobillərin idxalı və satışı vergidən azad edildikdən sonra vətəndaşların bu avtomobilləri almağa marağı artacaq”. 

Nəqliyyat məsələləri üzrə ekspert Əziz Talıbov da “Şərq”ə açıqlamasında elektromobil, ya da hibrid avtomobillərin ölkəyə gətirilməsi artdıqca, onlara aid infrastrukturun da genişlənməsinə zərurət yaranacağını bildirdi:

- Yapon, alman istehsalı hibrid avtomobillər var ki, etibarlıdırlar, sərfəlidirlər. Fərq bundadır ki, bu maşınlar həm yanacaqla hərəkət edir, həm də elektriklə. Bu avtomobillərin daxili yanma mühərriki elektrik mühərrikidi. Elektromobillər isə yalnız elektriklə hərəkət edir.  Hibrid ötürmə müxtəlif enerji mənbələri ilə işləyən iki mühərrikin bir məqsəd üçün birləşdirilməsidir. Avtomobilqayırmada benzin və elektriklə işləyən mühərriklərin inteqrasiyası, velosipedlərdə elektrik mühərrikinin əzələ ilə işləyən mexanizmlə birləşməsi buna misaldır. Hibrid mühərrikləri ilə işləyən avtomobillərin yaranması yanacağa qənaət etmək məqsədi daşıyır. Bu yolla qalıq (fosil) yanacaqlardan asılılığı azaltmağa çalışırlar. Digər aspekt ətraf mühitə vurulan ziyanın azaldılmasıdır. Hibrid güc ötürməsində mühərriklər ya paralel, ya da gücdən asılı olaraq birləşmə prinsipi ilə işə qoşulur. İkinci halda ötürmə daxili yanma mühərriki ilə bərabər iki elektrik mühərrikindən (generator və mühərrik) ibarət elektrik ötürmə sisteminə malikdir. Daxili yanma mühərrikinin yaratdığı gücün bir hissəsi maşınların transmissiyasına birbaşa, digər hissəsi isə mühərrik-generator-ötürməsi üzərindən ötürülür. Yəni iş zamanı elektrik ötürməsində mexaniki enerji elektrik enerjisinə çevrilir və batareyada yığılır. Kombinasiya olunmuş hibrid ötürməsində mühərriklər muftalar vasitəsilə ayrılaraq paralel və ya fərdi tətbiq oluna bilir. İstənilən halda hibrid avtomobil sərfəlidir. Yanacağa qənaət edilir, ekoloji çirklənmənin qarşısı alınır. Avtomobil sahibinə də sərf edir. Benzinə az pul xərcləyir. Hibrid avtomobil yanacağa 2 dəfə artıq qənaət edir. 

Ə.Talıbov qeyd etdi ki, ölkəyə hibrid avtomobillərin gətirilməsi artacaqsa, infrastruktur da genişlənməlidir:

- Enerjidoldurma məntəqələrinin sayı artmalıdır, serviz xidməti də genişlənməlidir. Bu avtomobillərə bələd ustalar yetişməlidir.