“Ümumiyyətlə, məktəb, şagird heç nəyin aləti olmalı deyil”
“Çünki dini təbliğatlar, bayağı meyxanalar ümumi təhsilin imicinə zərər vurur”
“Bunun qarşısını məktəb və ya təhsil müəssisələri qadağan edib, ala bilər”
Ötən həftə meyxanaçı Rüfət Nasosnu “Nuray” uşaq bağçasına dəvət edilib. Onun “Bağışla” mahnısı xorla ifa olunub. Bu da sosial şəbəkələrdə etirazla qarşılanıb. Kimisi meyxana təfəkkürünün bağçaya ayaq açmasına dair narahatlıq ifadə edib, kimisi də haqlı olaraq “Niyə bağça və məktəblərə əsl ziyalıların deyil, məhz meyxanaçıların dəvət olunur?” sualını ünvanlayıblar.
Mövcud durumla bağlı “Sherg.az”a danışan sosioloq Sahib Altay bildirib ki, elmdə cəmiyyəti formalaşdıran əsas beş amil var:
“Bu amillər dil, təhsil, mədəniyyət, tibb və siyasətdən ibarətdir. Bunların hamısını öz içərisinə alan, tədqiq edən, ixtiralar həyata keçirən, nəzəriyyələr, düsturlar ortaya qoyan və bunu həm də praktiki keçid mərhələsində önə çıxarıb, sübut edən, nəticələrini göstərən sahə elmdir. Elmin də tədrisi təhsildə mümkündür.Təhsil cəmiyyətin aynasıdır. Dünyanın elə bir toplumu yoxdur ki, orada hamı savadlı olsun. Amma təhsildə ilkin şərt hər kəsin ən az orta məktəb təhsili almasıdır. Azərbaycan və bəzi ölkələrdə təhsilin mahiyyəti və məqsədi yanlış anlaşılır. Təhsilin əsas məğzi insanlara həyatı öyrətməkdir. Başlıca məqsəd insanlara öyrətdikləri peşə üzrə çalışıb, pul qazandırmaqdır. Əmək fəaliyyəti də bizim həyatımızın çox önəmli hissəsidir. Orada da həm maddi qazanc, həm də sosial-mənəvi tərəfi kimi peşə məsuliyyəti, peşə əxlaqı var. Bütün bunları təhsil təmin edir. Biliyin əsas modeli orta məktəb təhsilidir”.
S.Altay bunu da əlavə edib ki, pedaqoqluq ikinci valideynlik peşəsidir:
“Belə bir el deyimi var. Övlad evin güzgüsüdür. Övlad öz üzərində valideynlərin ona verdiyi tərbiyəni və təhsili əks etdirir.
Ailənin əsas fiquru olan valideynlərlə yanaşı məktəb dönəmində müəllim ana, ata rolunu oynayır.
Müəllim ictimai simadır. Həm örnək, davranış, həm də təhsil baxımından şagird ondan təsirlənir. Məsələn, kilsə xristianlığın, monastr yəhudiliyin, məscid islamın, məhkəmə hüququn məbədidir. Həmçinin məktəb də təhsilin, elmin əsasını təşkil edir. Bu, orta məktəb, universitet, akademiya, hər hansı elmi tədqiqat üçün mərkəz də ola bilər. Yəni məktəb binası bir simvoldur.
Ümumiyyətlə, məktəb, şagird heç nəyin aləti olmalı deyil. Çünki dini təbliğatlar, bayağı meyxanalar ümumi təhsilin imicinə zərər vurur. Bunun qarşısını məktəb və ya təhsil müəssisələri qadağan edib, ala bilər. Bu yaxınlarda bir müğənni şagirdlər arasında dini mahnı oxuyub. Həmin insandan müsahibə götürülüb.O, deyib ki, həmin videonu məktəbdə çəkməmişəm. Xüsusi bir yerdə partalar düzüb, uşaqlara da məktəbli geyimi geyindirib, təhsil ocağı mühitini yaradıb.
Fikrimcə, ona da icazə verilməməlidir. Şagirdlərə ictimai, milli, müasir dünya görüşünü, analitik qabiliyyəti, intellektual bazanı əks etdirən mədəniyyət, yaradıcılıq göstəricilərini danışmaq lazımdır. Eyni zamanda elmin bizə verdiyi reallıqlar mənimsədilməlidir”.