MİS-lər ləğv olunursa, əvəzinə normal bir qurum yaradılmalıdır

Mənzil təsərrüfatı islahatı ilə bağlı məsələlərdə nəzərdə tutulan işlərdən biri də Mənzil İstismar Sahələrinin  ləğvidir. Məlumata görə, icra hakimiyyətlərinə tabe olan Mənzil İstismar Sahələri 2022-2026-cı illər üzrə Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyasına əsasən ləğv olunacaq. Sovetlər dönəmindən binaların idarəetməsini MİS-lər həyata keçirib. Növbəti ildən isə bu qurumların mənzil idarəçiliyindən uzaqlaşdırılması nəzərdə tutulur. Bu barədə Trend-ə açıqlama verən əmlak eksperti Elnur Fərzəliyev deyib ki, zaman keçdikcə müəyyən səlahiyyətlər MİS-lərin əlindən alındı. Onların göstərdikləri xidmətlərin həm çeşidi, həm də kadr potensialı kəskin azalıb. Bu təşkilatların funksiyası mənzil fondunun qorunmasını və ondan lazımınca istifadə olunmasını, vətəndaşlara yüksək səviyyədə xidmət göstərilməsini təmin etmək, habelə yaşayış sahəsindən istifadə, yaşayış evini və evyanı ərazini saxlama qaydalarına vətəndaşlar tərəfindən əməl olunmasına nəzarət etmək idi. Hazırda MİS-lərin gördüyü işlər əsasən ərazinin təmizliyi, binaların təmiri və vətəndaşların qeydiyyatı prosesidir. Bu gün Azərbaycanda binaların idarəetməsinə MİS-lərlə yanaşı, bələdiyyələr və yeni binalarda komendantlar baxır. Bu qurumlar oxşar işləri görürlər. MİS-lər ləğv ediləcəksə, onların yerinə ya alternativ qurum yaradılacaq, ya da səlahiyyəti başqa qurumlara veriləcək. 
Qeyd edilir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı yeni strategiyada, ümumiyyətlə, mənzil təsərrüfatı ilə bağlı islahatların nəzərdə tutulduğunu deyib. MİS-lərin səlahiyyətində olan məsələlələr də bura daxildir. Bunlar addım-addım icra olunacaq. Hazırda strategiya hökumətin müzakirəsindədir.
MİS-lərin əvəzinə hansı qurum olacaq, necə fəaliyyət göstərəcək, hələ ki, bu barədə oratda konkret bir təklif yoxdur. 

Sosioloq  Elçin Bayramlı “Şərq”ə açıqlamasında bildirib ki, MİS-lərin ləğvi ilə bağlı 10 ildən çoxdur müzakirələr aparılır, hələ də optimal çıxış yolu tapılmayıb: 

- Məlum məsələdir ki, MİS-lər öz səlahiyyətlərini itiriblər və formal mövcuddurlar. Amma onların əvəzinə nə olacaq? Dövlət əlavə xərclərdən azad olmaq istəyir, ona görə də mənzil təsərrüfatı ilə bağlı xərclərin sakinlər tərəfindən ödənməsinə çalışılır. Yeni tikililərdə bu məsələ asandır. Yaşayış binası inşa edən MTK-lar, MMC-lər binalara komendant təyin edir, nəzarəti onlar həyata keçirir, bina ilə bağlı hər hansı xərc tələb olunanda da sakinlərdən toplanır. Müasir binada mənzil alan şəxs bəlli müqavilə imzalayır, ortaya çıxa biləcək xərcləri də nəzərə alır. Yeni tikililərdə kommunal xərclər əvvəldən bəllidir. Amma köhnə,  dövlətin balansında olan yaşayış binalarında hansısa təmir işlərinə görə sakinlərdən pul yığılması doğru deyil. Sakin öz mənzilinə cavabdehdir. Mənzilin xaricində, damda, həyətdə baş verənin sakinə dəxli olmamalıdır. Həyətdə su kranı xarab olubsa, ya da lift işləmirsə, bloka elektrik lampası asmaq lazımdırsa, bunun üçün niyə sakinlərdən pul toplanmalıdır? Bunu dövlət qurumu etməlidir. Mənzillərin idarə olunması deyəndə, pul toplanması nəzərdə tutulacaqsa, bu, sosial narazılıq yaradacaq. Vətəndaş illər əvvəl mənzil alıbsa, yaxud dövlət ona mənzil veribsə, buna görə indi o, pul ödəməlidir? Bu, absurd görünür. Sakinlər kommunal xidmət haqqını onsuz da ödəyir. Elektrik enerjisi, təbii qaz, suya görə ödəniş edirlər. Kommunal xidmət haqqı da guya ki, zibillərin daşınması və sair hansısa fəaliyyətə görə toplanır. Vətəndaş kommunal xidmət haqqını ödəyirsə, ondan əlavə pul toplanmamalıdır. Sakinlərin üzərinə əlavə yük qoymaq olmaz. 
E.Bayramlı bir çox ölkələrdə bu məsələlərin çoxdan həllini tapdığını dedi: 
- Məsələn, Türkiyədə bələdiyyələrin geniş səlahiyyətləri var. Büdcələri də var və lazım olan məqamda vətəndaşa kömək edirlər. Orda yaşayış binalarına nəzarət etmək üçün konkret şəxslər təyin edilir. Amma bizdə illərdir bələdiyyələrin büdcəsi müəyyənləşmir, genişlənmir. Çünki bütün gəlirli sahələr icra hakimiyyətlərinin əlindədir. Halbuki, bələdiyyələrin büdcəsi gəlirli sahələrdən - ərazidə olan xidmət sahələri, parklar, restoran, kafelər və sair. təşkil olunmalıdır və fəaliyyət istiqamətləri dəqiq bilinməlidir. Bələdiyyələrin işi nədən ibarətdir, bunu açıqlayan yoxdur. Amma pul toplayırlar. Toplanan pullar hara  gedir? Bilinmir. Su xətti, kanalizasiya xarab olanda, bələdiyyə deyir, mənlik deyil, pul yığın, təmir etdirin. Bəs sakinlərin bələdiyyələrə ödədiyi vəsaitə hansı işlər görülür? Bu məsələlər ciddi araşdırma tələb edir. MİS-lər ləğv olunursa, əvəzinə normal bir qurum yaradılmalıdır və qurum fəaliyyəti sakinlərdən pul toplamaqdan ibarət olmamalıdır.