Kiçik səhlənkarlıq böyük faciə gətirir

Sakinlər şübhəli əşyalardan, silah-sursat qalıqlarından uzaq durmalıdır

"Müharibənin başa çatmasına baxmayaraq, partlamamış silah-sursatların qalıqları vətəndaşlarımız üçün ciddi təhlükə mənbəyidir"


    Vətən müharibəsi dövründə ermənilərin Yevlax rayonuna atdığı kasetli bombanın partlamasından sonra bölgədə genişmiqyaslı axtarışa başlanılıb. Partlayışın baş verdiyi ərazidə 17 ədəd kasetli bomba aşkarlanıb. Xatırladaq ki, fevralın 1-də Yevlax rayonunun Aran qəsəbəsində, “Şirinbulaq” adlanan qış otlaq sahəsində 26 yaşlı İsmayıl Mikayılov qoyun otararkən orada gördüyü naməlum əşyaya toxunub. 

O, həmin əşyanın üzərinə çıxıb və qəfildən partlayış baş verib. İ.Mikayılov aldığı xəsarətlərdən dünyasını dəyişib. Ölümlə nəticələnən olaydan sonra Azərbaycan Minatəmizləmə Agentliyi mina və partlayıcı qurğuların təhlükəsi ilə bağlı vətəndaşlara yenidən xəbərdarlıq edib. Bildirilib ki, kənd sakinləri, o cümlədən fərdi sahibkarlıq, kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olanlar arasında bu istiqamətdə maarifləndirmə təbliğatı aparılır. ANAMA vətəndaşlara müraciət edərək təyinatı məlum olmayan əşyalara toxunmamağa çağırıb. Şübhəli və naməlum əşyalara rast gəldikdə müvafiq qurumlara məlumat verilməsi xahiş olunub. 

“Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları” Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov “Şərq”ə açıqlamasında bildirib ki, Vətən müharibəsində Ermənistan ordusu Azərbaycandakı bir sıra yaşayış məntəqələrini istifadəsi beynəlxalq hüquqla qadağan edilmiş raket və bombaların hədəfinə çevirib. Polkovnik əlavə edib ki, müharibə gedərkən ərazilərimizə xeyli kasetli bombalar atılıb:

 “Müharibənin başa çatmasına baxmayaraq, partlamamış silah-sursatların qalıqları vətəndaşlarımız üçün ciddi təhlükə mənbəyidir. Kasetli bombalar isə daha ciddi təhlükədir. Savaş bitəndən dərhal sonra müvafiq qurumlar işğaldan azad edilən ərazilərin minalardan təmizlənməsi prosesinə başlayıb. 

Proses sürətlə davam etməkdədir. Bununla yanaşı, düşmənin raket zərbələrinə məruz qalan şəhərlərimizdəki partlamamış silah-sursatın müəyyən edilməsi və  zərərsizləşdirilməsi həyata keçirilir. ANAMA-nın, Fövqəladə Hallar Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin əməyi danılmazdır. 

Üç qurumun birgə səyi nəticəsində bugünə qədər minlərlə mina və partlamamış sursat müəyyən edilərək zərərsizləşdirilib, vətəndaşlarımızın təhlükəsizliyi təmin olunub.

 Təbii ki, bu məsələdə insanlarımız da maksimum məsuliyyətli və ehtiyatlı davranmalıdır. Xüsusən işğaldan azad edilmiş və raket zərbələrinə məruz qalmış bölgələrdə mümkün qədər ayıq-sayıq olmalıyıq. Sakinlər şübhəli əşyalardan, silah-sursat qalıqlarından uzaq durmalı, FHN-ə, hüquq-mühafizə orqanlarına məlumat verməlidirlər. 

Unutmayaq ki, kiçik səhlənkarlıq böyük faciəyə səbəb ola bilər”.