“Tərtər işi” ilə bağlı gizlinlər ortaya çıxacaq

Hakimiyyət prosesə nəzarət edir və kənar müdaxilələrlə istintaqın operativliyinə və obyektivliyinə zərər vurulmamalıdır

Baş Prokurorluq “Tərtər işi” barədə məlumat yayıb. Vurğulanıb ki, “Tərtər işi” çərçivəsində işgəncəyə və digər qanunsuz əməllərə məruz qalmış 163 yeni şəxs müəyyən edilərək zərərçəkmiş şəxs qismində tanınıb. Onların hərtərəfli dindirilməsi, məhkəmə-tibbi ekspertizadan keçirilmələri təmin edilib. Beləliklə, işgəncə faktları üzrə əvvəlki istintaq zamanı zərərçəkmiş kimi tanınmış şəxslərin ümumi sayı 281-ə yüksəlib. Məlumatda qeyd olunub ki, “Tərtər işi” ilə bağlı daha 4 nəfər həbs edilib. Həmçinin, 16 şəxs barəsində əvvəlki məhkəmə qərarları ləğv olunub . 

İctimaiyyətdə ciddi rezonans doğuran qalmaqallı “Tərtər işi”nin obyektiv araşdırılması ilə bağlı “Şərq”ə danışan Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndiyev ciddi hüquq pozuntuları və işgəncə xarakterli əməllər ictimailəşdirildikdən sonra prokurorluq tərəfindən reaksiya verilməsini müsbət hal kimi qiymətləndirib. Partiya rəsmisi vurğulayıb ki, prosesin bu qədər ləngidilməsi Vətən müharibəsinə hazırlıqla bağlı olub: 

“Durulma prosesi başlayıb. Baş vermiş hadisənin xarakteri aydınlaşdırılmalıdır. Cinayət əməllərində “vətənə xəyanət” elementlərinin olub-olmaması dəqiqləşməlidir. 44 günlük müharibə dövründə ordumuzun mütəşəkkillik, professionallıq və etibarlılıq göstərməsi deməyə əsas verir ki, düşmənin ordumuzu zəiflətmək planı həyata keçməyib.

“Tərtər işi” prosesi yekunlaşana qədər kənar müdaxilələrin və təzyiqlərin edilməsinin əleyhinəyəm. Hakimiyyət prosesə nəzarət edir və kənar müdaxilələrlə istintaqın operativliyinə və obyektivliyinə zərər vurulmamalıdır. İstintaq elə aparılmalıdır ki, məsələyə bir daha qayıdılmasın”.