Heç vaxt, heç nə gec deyil


Polis məktəblərdə narkomaniya ilə bağlı söhbətlər aparır

Sosial şəbəkələrdə Bakı şəhəri, Binə qəsəbəsi 218 nömrəli məktəbdə polis əməkdaşlarının direktor və ya dərs hissə müdiri ilə siniflərə baxış keçirərək uşaqların telefonlarını topladılarına dair məlumat yayılıb.

Məsələ ilə bağlı məktəbdən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, fevralın 10-da rayon polis idarəsinin əməkdaşları tərəfindən məktəb rəhbərliyi ilə birgə bir neçə sinifdə nizam-intizam qaydaları ilə bağlı profilaktik söhbət aparılıb.
"Təhsil müəssisəsində polis əməkdaşlarının uşaqlardan telefon toplaması halı baş verməyib", - açıqlamada qeyd olunub.

"Sağlam Cəmiyyət Hərəkatı"nın rəhbəri, sosioloq Lalə Mehralı mövzu ilə bağlı "Şərq"ə açıqlamasında bildirib ki, profilaktik söhbətlərin aparılmasına çoxdan ehtiyac yaranıb:

 "Hər birimiz uşaqları gözləyən təhlükədən xəbərdarıq. Xüsusilə də narkomaniya ilə bağlı yeniyetmələrin müdafiəsiz olmasından narahatlıqlar var. idi. Uşaqların maarifləndirilməsi, ətrafdan gələ biləcək təhlükələrdən məlumatlanmaq, narkotik alverçilərinin toruna düşməmək üçün məsləhətlər vacib idi. Çox müsbət qiymətləndirirəm. Bəzən hansısa narkomandan müsahibə alındığını görürük.

  Peşmanlıqlarını dilə gətirirlər. Onlar da bir vaxtlar, məktəb dövründə kimlərinsə qurbanına çevriliblər. Əvvəldən belə tədbirlər görülsə idi, daha bəyənilən olardı. Amma heç vaxt, heç nə üçün gec deyil. Heç olmamaqdansa, gec olmağı yaxşıdır".