Xuliqanlar Bakı küçələrində at oynadır, ətraf biganədir


Əhməd Qəşəmoğlu: "İctimaiyyətdə psixoloji dəyişikliklər baş verir. İnsanlar başqalarına qarşı laqeyd yanaşırlar"

Xəbər verdiyimiz kimi, Bakıda bir oğlan küçədə qadınlara, qızlara qarşı xuliqanlıq hərəkətləri törədib. Həmin anların videogörüntüləri sosial şəbəkələrdə yayılıb. Araşdırmalar zamanı müəyyən olunub ki, şəxs Yasamal rayon sakini, 1993-cü il təvəllüdlü Əhməd Hüseynov olub. O, ilkin ifadəsində törətdiyi əməlləri etiraf edib. 

İctimai qaydanı kobud şəkildə pozan şəxs barəsində Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb. İş üzrə istintaq aparılır. 
Sosioloq-alim Əhməd Qəşəmoğlu "Şərq"ə açıqlamasında bildirib ki, belə hallarla tez-tez qarşılaşırıq:
"Son illər Bakıda bir neçə belə hadisə olub. Yaxınlaşıb, kömək etmək istəyənlər bıçaqlanıblar, tapança ilə vurulublar. Bu, insan toplusuna təsir edən faktorlardan biridir. İş polisə düşəndə bəzən yardıma çatan şəxsləri bölmədə get-gələ salırlar. Bundan başqa, cəmiyyətin biganə qalmasında əsas səbəblərdən biri psixoloji amildir. Toplum zamanla mürəkkəbləşir. İctimaiyyətdə psixoloji dəyişikliklər baş verir. İnsanlar başqalarına qarşı laqeyd yanaşırlar. 50 il bundan əvvəl camaat bu kimi analoji məsələlərə daha emosional münasibət göstərirdilər. Yardım əli uzadırdılar. İndi isə cəmiyyət məzmun və mahiyyət etibarilə başqa şəkilə girib. Biganəliyə, etinasızlığa".