"Azərsu"əməkdaşları niyə döyülür? – “Tarif yüksək, insanların gəliri az...” 

Natiq Cəfərli: “Belə ədalətsizlik əhalidə aqressiyanın yaranmasına səbəb olur. Ədalətin bərpa olunmasına çalışmaq lazımdır”

Səməd Vəkil:“Qanunvericiliyə əsasən bir dəfə xəbərdarlıq edildikdən  sonra abonentlə bağlı müəyyən tədbirlər görülür”



İmişlidə "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin 4 saylı Regional Sukanal İdarəsinin əməkdaşı zorakılığa məruz qalıb. Bu barədə"Azərsu"dan  məlumat verilib. Məlumata əsasən, hadisə İmişli şəhəri Sevil Qazıyeva küçəsi ev 6 ünvanında qeydə alınıb. Belə ki, abonent Taleh Zeynalova içməli su təchizatı xidmətlərindən istifadəyə görə yığılmış borcunun ödənilməsi barədə dəfələrlə xəbərdarlıq edilsə də, o borcu ödəməkdən imtina edib.“Sudan istifadə qaydaları”nın tələblərinə əsasən su təchizatının dayandırılması ilə əlaqədar iş əmrinin icrasına başlanılıb.“İmişli Sukanal” sahəsinin əməkdaşları həmin ünvana yaxınlaşaraq abonentə borcun ödənilməsinin vacibliyini bir daha izah ediblər. Lakin T.Zeynalov “İmişli Sukanal” sahəsinin istismarın təşkili və idarə edilməsinə nəzarət qrupunun mühəndisi Məhərrəmov Mustafa Umud oğlu ilə aqressiv davranıb. Onu ağır şəkildə təhqir edib və  şəxsə fiziki təzyiq göstərib. Baş vermiş hadisəni “İmişli Sukanal” sahəsinin əməkdaşları aktlaşdırıb. M.Məhərrəmov tibbi ekspertizadan keçirilib və faktın araşdırılması üçün İmişli rayon Polis Şöbəsinə müraciət olunub.

Məsələyə münasibət bildirən iqtisadçı ekspert  Natiq Cəfərli bu barədə “sherg.az”a danışarkən bildirib ki, vətəndaşların aqressiv davranışlarının tutarlı səbəbləri var:

“Tariflər yüksəkdir, insanların gəliri isə aşağıdır. Belə ədalətsizlik əhalidə aqressiyanın yaranmasına səbəb olur. Ədalətin bərpa olunmasına çalışmaq lazımdır”.

N.Cəfərli vətəndaşların dövlət təchizatçı şirkətləri ilə bu cür davranmasının da düzgün olmadığı vurğulayıb. Onun sözlərinə görə, mövcud problemi zorakılıqla həll etməyə çalışmaq istənilən halda  düzgün seçim deyil.

 Hüquqşünas Səməd Vəkil  isə “sherg.az”a açıqlamasında normalda  istehlakçının kommunal ödənişləri bir ay müddətində etməli olduğu deyib:

 “Qanunvericiliyə əsasən bir dəfə xəbərdarlıq edildikdən  sonra abonentlə bağlı müəyyən tədbirlər görülür”.