Bakıdan rayona işləməyə gedən peşə sahibləri var


Ödənişli yollarda bəzi insanlara güzəştlər tətbiq olunmalıdır

Azərbaycanda inşa edilən ilk ödənişli magistral avtomobil yolunun istifadəyə veriləcəyi tarix açıqlanıb. Bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədov deyib. Onun sözlərinə görə, 152 kilometrlik Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi birinci texniki dərəcəli avtomobil yolunun tikintisi davam etdirilir: "2022-ci ildə Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi birinci texniki dərəcəli avtomobil yolunun tikintisi, həmçinin M2 magistral avtomobil yolunun Gəncə-Gürcüstan Respublikası ilə dövlət sərhədi hissəsinin 4 zolağa genişləndirilməsinin yekunlaşdırılması planlaşdırılır".

Nəqliyyat üzrə ekspert İlqar Hüseynli "Şərq"ə açıqlamasında bildirib ki,  ödənişli yolların ödənişsiz alternativi də olmalıdır:

 "Azərbaycan müəyyən dövlətlərin beynəlxalq təcrübəsindən istifadə edərək ödənişli  yol layihəsini gündəmə gətirib. Bildiyimiz kimi, Salyan ərazisindən Astaraya qədər seçilən magistral yol inşa edilib. Həmin yolun da ödənişli olması planlaşdırılıb. Məsələ xeyli müzakirə olunduqdan sonra ödəniş sistemləri o yollara tətbiq edilməyib. Çünki yollardan gündəlik istifadə edən insanlar bir rayondan digərinə gedir. 

Bələdiyyə ərazilərində yaşayıb, aqrar bizneslə məşğul olan şəxslərin rayonlara gündəlik yükdaşıma səfərləri olur. Beləliklə, Salyan-Astara yolunun ödənişli fəaliyyət göstərməsi dayandırılıb. Eyni proses Bakı-Quba-Rusiya federasiyası ərazisinə qədər çəkilən həmin o 152 kilometr yollara da nəzərdə tutulub. Dünya təcrübəsində də belə yollar var. Ödənişli yolların əcnəbi yükdaşıma fəaliyyəti ilə məşğul olan nəqliyyat vasitələrinə tətbiq edilməsi mümkündür".

Ekspert onu da əlavə edib ki, ödənişli yol açıldıqdan sonra həmin ərazidə yaşayan insanlara güzəştlər tətbiq olunmalıdır:

 "Hüquq-mühafizə orqanları, həkimlər, müəllimlər, mühəndislər kimi Bakıdan rayona işləməyə gedən peşə sahibləri var. Onlara güzəştli kart sistemi tətbiq edilməlidir. Daxil olarkən həmin şəxslərdən ödəniş tələb olunmamalıdır".