Həqiqətən böyük boşluqlar mövcuddur


Əvvəlcə bələdiyyə qanunlarının monitorinqi və ekspertizası aparılmalıdır

Milli Məclisin dünən keçirilən iclasında parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov qeyd edib ki, bələdiyyə məcəlləsi hazırlanır: “Bələdiyyələrin ərazilərinin müəyyənləşdirilməsi və dəyişdirilməsi həmin bələdiyyələrdə sosial-iqtisadi vəziyyət, müvafiq ərazi əhalisinin rəyi nəzərə alınmaqla “Bələdiyyələrin statusu haqqında” qanunla müəyyən edilib. Böyük şəhər bələdiyyəsi və s. məsələlər bu qanuna dəyişiklik zamanı nəzərə alına bilər. 

Hazırda Bələdiyyə Məcəlləsinin yaradılması ilə məşğuluq. Bu məcəllə hazırlananda irəli sürülən təkliflərin də nəzərə alınması mümkündür". 

"Bələdiyyələrin fəaliyyətinin təbliği" İctimai Birliyinin sədri Vüqar Tofiqli "Şərq"ə açıqlamasında bildirib ki, bələdiyyə məcəlləsi qanunvericilik toplusudur:

"Belə bir məcəllənin hazırlanması addımını müsbət dəyərləndirirəm. Lakin Regional məsələlər komitəsinə təklif edərdim ki, məcəllə hazırlanmamışdan əvvəl indiyədək bələdiyyə ilə bağlı qəbul edilmiş qanunların və normativ-hüquqi sənədlərin ekspertizası aparılsın. Bununla yanaşı qanunların işlək mexanizmlərinin hansı forma və məzmunda hazırlanması barədə monitorinq təşkil edilsin. Həm qanunların ekspertizası, həm də monitorinqi aparılmış olsa, mövcud boşluqlar da üzə çıxar. Bir çox hallarda qəbul edilmiş qanunların işlək mexanizmləri olmadığından bələdiyyələr də o qanunların verdiyi imkandan yararlana bilmirlər. Etiraf edilməlidir ki, qanunların dilindən tutmuş işlək mexanizmlərə qədər müəyyən boşluqlar müşahidə olunmaqdadır. Bələdiyyə məcəlləsinin hazırlanmasında bu məqamlar nəzərə alınsa, daha məqsədəuyğun olar. Həqiqətən qəbul olunmuş müəyyən qanunlar var ki, onların üslubunda yanlışlıqlar mövcuddur".