Ən yaxşısı hərbçiləri birdəfəlik mənzillərlə təmin etməkdir


Belə olarsa, həmin kirayə pulları da dövlətə qalar

Azərbaycanda evi olan həbçilərə müəyyən hallarda kirayə haqqının verilməsi təklif edilir.
Bu barədə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) 2021-ci il üzrə məruzəsində əksini tapıb.

Məruzədə qeyd edilir ki, ipoteka qaydasında mənzil əldə edən və ya dövlət tərəfindən mənzillə təmin olunan hərbi qulluqçular xidmət yerini dəyişdikdə onlara müvəqqəti mənzil kirayəsi üçün kirayə haqqının verilməsi təklif edilir.

Qeyd edək ki, məruzə Milli Məclisin martın 4-də keçiriləcək iclasının gündəliyinə daxil edilib.
Ehtiyatda olan zabit, hərbi ekspert Üzeyir Cəfərov "Şərq"ə açıqlamasında Milli Məclisə göndərilən təkliflərin hazırlanmasında ehtiyatda, istefada və xidmətdə olan zabitlər də iştirak etdiyini bildirib.

“Əvvəllər bu məsələlər normal şəkildə tənzimlənirdi. Ancaq bir neçə il əvvəl qarışıqlıq yaradıldı. Dövlət öz müdafiəçilərini xidməti və ya daimi yaşayış yeri ilə təmin edir. Bəzi yerlərdə hərbi hissələrin özünün imkanı var. Zabitlər xidmət keçdikləri yerdə xidməti evdə yaşayırlar. Buna imkan olmayan yerlərdə zabit məcburdu ki, kirayə ev tutsun və ya hərbi hissədə qalsın. Dövlət belə hərbçilərin və onların ailə üzvlərinin  müəyyən xərclərini ödəməlidir”. 

Ekspertin sözlərinə görə, zabit və gizirləri birdəfəlik mənzillərlə təmin etmək daha yaxşı olardı:

“Belə olduqda həmin kirayə pulları da dövlətə qalır. Hərbçi 20-25 il xidmət edəcək. Bu müddət ərzində ona veriləcək kirayə pulu rəsmiləşdirilir və onun əvəzinə dövlət bu mənzilin dəyəri nə qədərdirsə, onu ödəyir, problem həllini tapır. Daha sonra zabit və ya gizir xidmət etdiyi müddətdə həmin evin dəyərindən müəyyən məbləğ yavaş-yavaş silinir. Əgər xidmətini bitirəndə qalıq qalarsa, onu da ipoteka, kredit yolu ilə özü ödəyə və ya dövlət ona vətən qarşısında xidmətlərinə görə bu məbləği bağışlaya da bilər. Bu məsələni güc strukturları ilə əlaqədar qurumlar işləsələr dövlətin büdcəsinə də kifayət qədər qənaət edilmiş olar”.

Üzeyir Cəfərov həmçinin qeyd edib ki, kirayə pulunu almaqda çətinlik çəkənlər də var:

“Bəzi zabitlər deyir ki, icra hakimiyyəti mənim pulumu saxlayıb. Hüquqşünasın da biri başa düşür, biri düşmür. 21-ci əsrdə bu işlərdə problemlərin yaranması ayıbdır. Bütün şəxslər haqqında məlumatlar bazada var. Məsələn, Bakıda kirayə pulu almayan biri Gəncəyə gəlir və kirayədə qalmalıdır. Bunun üçün sənədlər toplamalı, harasa yazmalı, müraciət etməlidir. Yəni bir çox bürokratik əngəllər mövcuddur. Bu gün hələ də ev növbəsi gözləyən zabitlər var. Bu problem həllini tapmalı və dövlət bu bəladan xilas olmalıdır”. 
Sənan İsmayıl