Ailəsindən qaçan 25 yaşlı qız ölümlə təhdid edilir? - AÇIQLAMA


Bakıda 25 yaşlı qızın ailəsi tərəfindən zorakılığa məruz qaldığı iddia edilib. 

Bu barədə məlumat sosial şəbəkələrdə yayılıb. 

Bildirilib ki, qız evdən qaçıb və 1 saylı Asan Xidmət Mərkəzinə gəlib. Qız qurumun mühafizəçiləri tərəfindən saxlanılıb və polisə təhvil verilib. 

Eyni zamanda, sosial şəbəkələrdə qeyd edilib ki, dünən zərərçəkən qadın polis tərəfindən iki saata yaxın bölmədə saxlanılıb. 

İddia edilib ki, həmin qadını ailəsi ölümlə təhdid edir, hətta öz aralarında qərar veriblər ki, atası öldürsün, çünki yaşlıdır və həbsxanada həyatını çürüdə bilər. 

Polis qadının yazılı ərizəsi ilə könüllü olaraq evdən çıxmasını bildirməsi ilə kifayətlənməyib, onu videoda danışmağa məcbur edib. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Oxu.Az-a bildirib ki, belə hallar baş verməyib:

“Qadın saxlanılan kimi dərhal polis əməkdaşları şəxsən mənim tərəfimdən məlumatlandırılıb. Bütün zəruri tədbirlər vaxtında icra olunub. Ailə üzvlərinin dəfələrlə etdiyi şikayətlər, “polis şikayətimizə baxmır, araşdırmır”, - deyə yazırdılar.

Prosessual tədbirlər tam icra olunduqdan sonra həmin qadın sərbəst buraxılıb və ailə üzvləri bu barədə məlumatlandırılıb. Qadın yazılı izahat verməklə ailəsi ilə yaşamaq istəmədiyini bildirib. Bu, qanunla prosessual icraatın dayandırılması üçün əsas idi”.