Məhkumlar mülki xəstəxanalarda müayinədən keçə bilərlər


Bununla bağlı qanunvericilikdə əsaslar da var

Azərbaycanda həbs edilmiş şəxslərin digər tibb müəssisələrində müayinədən keçirilməsi təklif edilir.
Bu, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) 2021-ci il üzrə məruzəsində əksini tapıb.

Məruzədə, həbs edilmiş, habelə müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrumetmə növündə cəza çəkən şəxslərin sağlamlığının qorunması hüququnun effektiv müdafiəsi məqsədilə belə şəxslərin müayinə və müalicəsinin Penitensiar Xidmətin Müalicə Müəssisəsində aparılması mümkün olmadıqda, zəruri tibbi xidmətlərin digər tibb müəssisələrində dövlət hesabına həyata keçirilməsi ilə bağlı müvafiq qanunvericiliyə zəruri əlavə və dəyişikliklərin edilməsi.
Qeyd edək ki, məruzə Milli Məclisin martın 4-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

Təklif barədə “Şərq”ə danışan Konstitusiya Araşdırmalar Fondunun prezidenti, hüquq müdafiəçisi Əliməmməd Nuriyev qeyd edib ki, həbsxanaya düşən şəxslərin sağlamlığı ilə bağlı Ədliyyə Nazirliyinin Səhiyyə Baş İdarəsi fəaliyyət göstərir. 

“Bu idarənin tərkibində poliklinika, hospital və müalicə müəssisələri var. Bununla yanaşı hər bir qapalı cəzaçəkmə müəssisəsində tibbi-sanitariya hissəsi yerləşir. Əgər məhkumların və ya personalın səhhətində problemlər varsa, həmin səhiyyə xidmətlərindən istifadə edirlər. 
Məhkumların fundamental hüquqlarından biri də səhiyyə xidmətlərinə çıxışla bağlıdır. Bu hüquq bütün istiqamətlər üzrə təmin edilməlidir və edilir. Bununla belə məhkumların kontingenti müxtəlifdir. Onlar müxtəlif xəstəliklərin daşıyıcısı ola bilərlər. Bəzi hallarda cəzaçəkmə yerlərində və ya Ədliyyə Nazirliyinin müalicə müəssisələrində müvafiq tibbi prosedurları yerinə yetirmək mümkün olmaya bilər. 

Bu zaman Səhiyyə Nazirliyindən ixtisaslaşmış həkimlər gəlib konsilium (məsləhətləşmə əsasında qoyulan diaqnoz) keçirirlər. 

Daha sonra onların müalicəsi SN-in və ya TƏBİB-in tabeliyində olan mülki xəstəxanalarda həyata keçirilə bilər. Eyni zamanda cəza çəkən şəxs öz istəyi və hesabına istədiyi həkimi dəvət edə bilər. Yəni qanunvericilik bu imkanı tanıyır.

Ombudsmanın bu təklifi alqışalayiqdir. Bu, məhkumların tibb xidmətinə əlçatanlığının miqyasının daha çox genişləndirilməsi üçün atılmış addımdır. Bununla bağlı qanunvericiliyin əsasları var. Daha da konkretləşdirmək barədə düşünmək olar”.

Sənan İsmayıl