Parlament sədri: “Gürcüstana Rusiyadan kütləvi insan axını yoxdur”

“Gürcüstana Rusiyadan kütləvi insan axını yoxdur. Bu, cəmiyyətdə əmin-amanlıq və sakitliyə mane olmaq, təşviş yaratmaq məqsədilə aparılan dezinformasiya kampaniyasıdır”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili deyib.

Spiker Gürcüstan hökumətini nüfuzdan salmaq üçün belə bir kampaniyanın aparıldığını qeyd edib: “Bu cür informasiyaların niyə yayılması suallar doğurur. Rusiyadan hər hansı bir kütləvi axın yoxdur. Yeri gəlmişkən, hamıya xatırlatmaq istəyirəm ki, Rusiya ilə quru sərhəd Rusiya tərəfindən bağlıdır. “Lars” gömrük-keçid məntəqəsindən yalnız yüklər keçir”.

Qeyd edək ki, Gürcüstan mətbuatında Rusiyanın Ukraynada hərbi əməliyyatlara başladığı gündən - fevralın 24-dən etibarən Rusiyadan Gürcüstana gələnlərin sayının artdığı barədə məlumatlar yer alıb. Bildirilib ki, Gürcüstanda Rusiya vətəndaşlarının daşınmaz əmlak alması və kirayələməsi ilə bağlı müqavilələrin sayı əhəmiyyətli dərəcədə artıb.