Rusiya da, Ukrayna da Ankaraya inanır

Türkiyə indiki mərhələdə aktiv vasitəçi rolunu oynaya bilər


   Ukrayna Prezidenti V.Zelenski Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ukraynaya əhəmiyyətli dəstək verdiyini və müharibəni bitirmək üçün bir çox addımlar atdığını bildirib. Zelenski xarici jurnalistlərə Ərdoğanla yaxın münasibətləri olduğunu vurğulayıb: “Çox yaxşı münasibətlərimiz var. Oradan pilotsuz təyyarələr alınıb və bu, böyük köməkdir. Ərdoğanın Ukraynaya kömək etdiyi bir çox məsələlər var. 

Mən ona çox minnətdaram. Siyasi səviyyədə o, həm də bir çox addımlar atır ki, Rusiya prezidenti müharibəni bitirməyin vacibliyini başa düşsün”. Zelenski, həmçinin qeyd edib ki, Türkiyə gələcəkdə Ukraynanın təhlükəsizliyinin təminatçılarından birinə çevriləcək və Rusiya ilə danışıqlar prosesinə təsir göstərəcək: “Dünya liderlərinin çoxunda belə bir imkan yoxdur. Çox adam istəyir, amma az adamda belə bir fürsət var. Ərdoğan çox güclüdür, çox ciddi prezidentdir və bizə kömək edir. Düşünürəm ki, Türkiyə Ukrayna üçün təhlükəsizlik təminatlarını təqdim edən ölkələrdən biri olacaq”.
Zelenskinin Türkiyə dövləti və lideri barəsində dediklərini “Şərq”ə təhlil edən politoloq Azər Qasımov deyib ki, Ankaranın Rusiya-Ukrayna gərginliyində oynadığı rol əsasən gərginliyin azaldılması və tərəflər arasında danışıq mühitinin bərpa edilməsi istiqamətində olub. Analitik bildirib ki, Türkiyə tərəflərin hər ikisini özünəməxsus tərzdə dəstəkləməklə müəyyən razılaşmaların əldə ediləcəyi mühüm görüşlərin təşkilatçısı və zəmanətçisi olmaq potensialını özündə saxlayır: 

“Türkiyənin tərəflər arasında müharibəyə aktiv qatılmamasının, Rusiyaya tətbiq edilən sanksiyalara qoşulmaması, rus hərbi gəmilərinin boğazlardan keçməsinə icazə verməməsinin tək səbəbi var. Ankara hökuməti başa düşür ki, 15 ildir yığılıb qalan, 2014-cü ildə Krımın Rusiya tərəfindən ilhaqı və  Donbass bölgəsinin separatçı qruplar tərəfindən gərginlik ocağına çevrilməsi ilə artan gərginliyin müharibə ilə nəticələnəcəyi mütləq idi. Türkiyə bütün səylərin əbəs olduğunu dərk edirdi. Tərəflər 8 gündə nəyə qadir olduqlarını ortaya qoydular. Artıq danışıq masasında razılığa gəlməyə meyillidirlər. Rusiya da sanksiyalardan və hərbi itkilərdən dolayı masaya əyləşməkdə maraqlıdır. Bu mərhələdən sonra Türkiyənin tərəflər arasında aktiv vasitəçi rolunu oynaması həm mümkün, həm də vacibdir. Çünki tərəflər razılaşmalara nəzarət edə biləcək yeganə etibarlı ölkə kimi Türkiyəni və onun müttəfiqi Azərbaycanı görürlər”.