Amnistiya Aktının icrası başa çatıb

5730 nəfərin ölkədən çıxışına qoyulan qadağa götürülüb

Əhməd Şahidov: "Dövlətimiz humanist siyasət yürüdür, müxtəlif dövrlərdə cinayət törətmiş, cəzalarının bir hissəsini çəkmiş, islah olunmuş məhbusların vaxtından əvvəl azadlığa buraxılması təmin olunur"

İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması;

   Azərbaycan müstəqillik qazandıqdan sonra ulu öndər Heydər Əliyevin həyata keçirdiyi inkişaf strategiyasını uğurla davam etdirən Prezident İlham Əliyev ölkəmizi dünyanın ən dinamik inkişaf edən dövlətlərindən birinə və bölgədə söz sahibinə çevirib. Son 19 ildə dövlət başçısı tərəfindən həyata keçirilən proqramlar, reallaşan layihələr və islahatlar Azərbaycanın inkişafına, eləcə də ölkə vətəndaşlarının rifahının yüksəlməsinə, xalqın tələbatının ödənilməsinə öz töhfəsini verib. Tarixə qızıl hərflərlə yazılmış 44 günlük Vətən müharibəsində Azərbaycan Ermənistan silahlı qüvvələrinə sarsıdıcı zərbələr endirdi. Əlbəttə ki, dövlətimizin iqtisadi gücü, hərbi potensialımız, müasir dövrün ən yüksək standartlarına cavab verən Silahlı Qüvvələrin formalaşdırılması Ali Baş Komandanın rəhbərliyi ilə müharibənin qələbə ilə başa çatmasında həlledici rol oynadı. Azərbaycan Ordusunun dünyanın 50 ən güclü ordusu sırasında layiqli yer tutması da təsadüfi deyildi. Azərbaycan xalqı böyük zəfər tarixini əbədiləşdirdi. Vətən müharibəsində qazanılmış tarixi qələbənin birinci ildönümü ilə bağlı 8 Noyabr - Zəfər Günü münasibətilə Amnistiya elan edilməsi böyük bir töhfə oldu. Bu, humanist addım olaraq minlərlə insana böyük sevinc bəxş etdi. Ölkəmiz üçün mühüm əlamətdar günlərdə, bayramlar ərəfəsində amnistiyaların verilməsi çoxsaylı ailələrə sevinc bəxş edir. Azərbaycanda bu humanist ənənənin əsasını isə ümummilli lider qoyub. Ulu Öndər hakimiyyətə gəldikdən sonra əfv və amnistiya təsisatları yaradılıb. Vurğulamaq yerinə düşər ki, 1995-2021-ci illər ərzində müstəqillik dövründə Azərbaycanda 67 əfv fərmanı və sərəncamı qəbul edilib. Bunların nəticəsində 9 minə yaxın məhkum azadlığa buraxılıb. Qeyd olunan dövr ərzində parlamentdə 11 amnistiya qərarı qəbul olunub. Həmin amnistiya qərarlarından sonuncuları Heydər Əliyev Fondunun prezidenti, Mehriban xanım Əliyeva deputat fəaliyyəti dövründə təqdim edib. 2009, 2013, 2016-cı illərdə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın irəli sürdüyü təşəbbüslər nəticəsində qəbul edilən amnistiya aktları insanların sevincinə səbəb oldu. 2016-cı ilin amnistiya aktı 10 mindən çox məhkumu əhatə edib və 3 minə yaxın şəxs penitensiar müəssisələrdən buraxılıb. 
Dünən Zəfər Günü ilə bağlı Amnistiya Aktının icrası tam başa çatıb. Ədliyyə Nazirliyinin İnsan Hüquqları və ictimaiyyətlə əlaqələr İdarəsinin rəisi Aynur Sabitova deyib ki, ötən il noyabrın 5-də qəbul edilmiş Zəfər Günü münasibətilə amnistiya aktı Prezident İlham Əliyevin humanist siyasətinin növbəti təzahürüdür. O qeyd edib ki, Amnistiya Aktının icrası üçün 4 ay müəyyən edilib, martın 5-də isə onun icrası artıq başa çatıb. Nazirliyin Cəzaların icrasına nəzarət üzrə müfəttişliyin rəisi Malik Ələkbərov deyib ki, Zəfər Günü ilə bağlı imzalanan Amnistiya Aktı ümumilikdə 15 min 450 nəfərə tətbiq olunub. O qeyd edib ki, 8626 nəfər cəzadan azad edilib, 6489 nəfərin cəzası azaldılıb, 332 nəfərin cinayət təqibinə xitam verilib. Malik Ələkbərov onu da deyib ki, Amnistiya aktı 735 qadına, 45 yetkinlik yaşına çatmayana, 491 nəfər 60 yaşına çatmış şəxsə, 83 əcnəbi vətəndaşa şamil edilib. Eyni zamanda iki il ərzində Penitensiar Xidmət yanında xüsusi komissiya tərəfindən 3560 məhkumla bağlı məhkəmələrə müraciət edilib və onlar vaxtından əvvəl cəzadan azad olunub. 840 məhkum isə məhkəmə qərarı ilə məntəqə tipli cəzaçəkmə müəssisinə keçirilib. Amnistiya Aktı ilə 1200 nəfər məhkum pul cəriməsı cəzasından azad edilib. Cərimələrin miqdarı ümumilikdə 1 milyon 500 min manat olub. Akt 86 Vətən müharibəsi iştirakçısına da şamil olunub. Qeyd olunub ki, 2000-ci ildən bu vaxta qədər Azərbaycanın Cinayət Məcəlləsinə 1000-ə yaxın dəyişiklik edilib. Dəyişiklik nəticəsində qərarlardan şikayət vermək, məhkumların pulsuz müayinələrdən keçirilməsi, onların telefonla danışmaq və digər hüquqları təmin edilib. Bu prosesdə, həmçinin 2200-ə yaxın məhkum cəzadan azad edilib. Ədliyyə Nazirliyinin İnsan Hüquqları və ictimaiyyətlə əlaqələr İdarəsinin rəisi Aynur Sabitova deyib ki, yetkinlik yaşına çatmayan məhkumlar üçün isə yeni cəzaçəkmə müəssisəsi inşa olunub. O bildirib ki, artıq binanın tikintisi tam başa çatıb: “Bina tam standartlara uyğun inşa edilib. Binada yetkinlik yaşına çatmayan məhkumlara psixoloji xidmətlər üçün də şərait yaradılıb. Yaxın günlərdə bina istifadəyə veriləcək və yetkinlik yaşına çatmayan məhkumlar ora köçürüləcək”. Amnistiya aktının icrası ilə bağlı Ədliyyə Nazirliyi Probasiya Xidməti tərəfindən 5730 nəfərin ölkədən çıxışına qoyulan qadağa götürülüb.
Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri, hüquq müdafiəçisi Əhməd Şahidov “Şərq”ə deyib ki, son 18 ildə imzalanan 35 əfv sərəncamı 5600-dən çox məhkuma şamil olunub. Ekspertin sözlərinə görə, belə Amnistiyalar minlərlə ailəyə sevinc bəxş edir: “Əfv qərarları dövlət başçısı cənab İlham Əliyevin siyasətinin mühüm hissəsinə çevrilib. İllərdir ki, milli və dövlət bayramları ərəfəsində ölkə rəhbəri əfv sərəncamları verir. Amnistiyalar həm də Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə baş tutur. Bunu ancaq təqdir etmək olar. Dövlətimiz humanist siyasət yürüdür, müxtəlif dövrlərdə cinayət törətmiş, cəzalarının bir hissəsini çəkmiş, islah olunmuş məhbusların vaxtından əvvəl azadlığa buraxılması təmin olunur. Əfsuslar ki, bəzi hallarda əfv olunmuş insanlar yenidən cinayət törədərək cəzaçəkmə müəssisələrinə geri dönürlər. Ümid edirik, amnistiyaya düşən vətəndaşlarımız dövlət başçısının bu jestini yüksək dəyərləndirəcək və cəmiyyətə inteqrasiya olunmaq üçün əllərindən gələni edəcəklər. Dövlətə, millətə faydalı olacaq və ölkə rəhbərinin siyasətinə dəstək verəcəklər”.