Bakının 5 maddəlik təklifinə dərhal cavab verilməlidir



Moskva ilə Paris arasında vurnuxmaq İrəvanı böhrana sürükləyir

Görünür, rəsmi İrəvana sponsorları yenə hansısa yalan vədlər veriblər

Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov rəsmi Bakının Ermənistana beş maddədən ibarət təklif verdiyini bəyan edib və bunun məqsədlərini açıqlayıb. Nazir bildirib ki, Azərbaycan Ermənistana sülh müqaviləsi üzərində işləməyi təklif edib. C.Bayramov vurğulayıb ki, müharibədən sonra Azərbaycan Ermənistana sülh müqaviləsi üzərində işləməyə hazır olduğunu deyib. Ötən bir il ərzində bir neçə dəfə bu təklif gündəmə gətirilib: “Azərbaycan beynəlxalq münasibətlərin məsuliyyətli üzvüdür.

Biz həm ikitərəfli münasibətlərin inkişaf etməsində, həm də daha geniş mənada bölgədə sülh, inkişaf və tərəqqinin təmin edilməsi üçün qonşu ölkələr arasında münasibətlərin qurulmasında maraqlıyıq. İndiki vəziyyət, yəni Azərbaycanla Ermənistan arasında faktiki olaraq münasibətlərin, əlaqələrin olmaması, düşmənçiliyin saxlanması nə Azərbaycan, nə Ermənistan, nə də region üçün fayda gətirəndir. Bundan irəli gələrək Azərbaycan bu addımı atdı. Bir ilə yaxın müddət ərzində Azərbaycan Ermənistandan heç bir konkret cavab almayıb. Bu məsələdə Azərbaycan tərəfi olaraq növbəti addımı atıb xoş niyyətimizi göstərdik”.  Ermənistana irəli sürülən beş maddəlik təklifin əsas mahiyyəti –sərhədlərin, suverenliyin qarşılıqlı tanınması, ərazi iddialarına son verilməsi, təhlükəsizliyə təhdid yaradılmaması, diplomatik münasibətlərin qurulması və kommunikasiyaların açılışından ibarətdir. Bəyan edilib ki, iki dövlət məhz bu baza prinsiplər əsasında intensiv, substantiv və nəticəyə yönəlik danışıqlar apararaq ikitərəfli sülh sazişini yekunlaşdıra bilərlər. 

Politoloq Sədrəddin Soltan deyib ki, bütövlükdə Qafqaz regionunda sabitlik və təhlükəsizlik Cənubi Qafqazda sülh, sabitlik və əməkdaşlıqdan asılıdır. Analitikə görə, Ermənistanın pozuculuq fəaliyyətinə son verməsi, region dövlətləri ilə dinc yanaşı yaşama prinsiplərinə əsasən davranması mühüm şərtlərdən sayılır:

 “2020-ci il noyabrın 10-da kapitulyasiya aktını imzalayan rəsmi İrəvan sənədin müddəalarına əməl etmir. Bu davranışı ilə regionda sabitliyi təhdid edir. Görünür, rəsmi İrəvana sponsorları yenə hansısa yalan vədlər veriblər. Bir əsrdən artıq yalanlar və xülyalarla böyüyən nəslə 44 günlük müharibə gerçəkliyi başa saldı. Dünyadakı və keçmiş sovet məkanındakı mövcud vəziyyətdən Ermənistan hələ də nəticə çıxara bilmir. Ölkənin Baş naziri Nikol Paşinyan Parislə Moskva arasında vurnuxur. Qərbə vədlər verib Rusiyanın ətəyindən yapışır. Azərbaycan qarşısında əsassız iddialarla çıxış edən, 30 il ərzində keçmiş münaqişənin həllinə yardım etməkdə acizlik göstərən, yaxud yardım etmək istəməyənlər yenə də Ermənistanın başını tumarlayırlar. Bu sığal, tumar isə rəsmi İrəvanın təkliflərə cavab verməməsinə imkan yaradır. Azərbaycanın sülhsevər və əməkdaşlıqla bağlı təkliflərinə Ermənistanın müsbət cavab verməsi perspektivdə ikitərəfli münasibətlərin inkişafına, Cənubi Qafqazda sülh, əmin-amanlığa və firavanlığa təkan verər. Azərbaycan tərəfi bu addımı ilə xoş niyyətlərini Ermənistan və beynəlxalq ictimaiyyətə açıqlayır. Rəsmi Bakı bununla həm də beynəlxalq hüquqa hörmətini bir daha sərgiləyir. İrəli sürülən təkliflər də dövlətlərarası münasibətlərin normallaşması üçün atılan vacib addımlardan sayıla bilər. Rəsmi İrəvanın 5 təklifə müsbət münasibəti, Azərbaycan və Ermənistan arasında sülh regionda etimada dəstək olar. Bu məsələ Cənubi Qafqazda risk amilinin də aradan qalxmasına yardım edər”.

S.Soltan hesab edir ki, Azərbaycanın Ermənistana 5 maddəlik təklifini regionda təhlükəsizlik, əməkdaşlıq və sülh üçün atılan addımlar kimi dəyərləndirmək olar:

 “Rəsmi İrəvanın bu sənədə cavabı gecikdirməsi ilk növbədə Ermənistanın ziyanınadır. Çünki kapitulyasiya aktını imzalayandan sonra regionda əməkdaşlıq istiqamətində heç bir cəhd göstərməyib. Bu istiqamətdə durğunluq, Moskva ilə Paris arasında çabalamaq İrəvanı böhrana sürükləyər. Belə vəziyyət isə ölkədəki siyasi təşəbbüsün başqa qüvvələrin əlinə keçməsinə şərait yaradır. Bu baxımdan Ermənistan hökuməti 5 maddəlik təklifi tez cavablandırmaqla qarşıda onu gözləyən xoşagəlməz hadisənin qarşısını ala bilər. 5 təklif  Nikol Paşinyanın passivləşən “addımı"nın hərəkətverici qüvvəsi olar”.