Bizim ölkədə dini və milli problemlər yoxdur

Azərbaycan dünyada tolerantlığın və multikultural dəyərlərin mərkəzi hesab olunur

Ölkəmizə gələn bütün dini liderlər, beynəlxalq təşkilatların rəhbərləri sahib olduğumuz multikultural dəyərlərdən yüksək məmnunluq və heyrət ifadə edirlər

Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi;


Azərbaycan nadir ölkələrdəndir ki, multikulturalizmi dövlət siyasəti kimi qəbul edib. Ölkəmizdə etnik-dini zəmində heç bir ayrıseçkilik olmayıb. Azərbaycan haqlı olaraq dünyanın multikulturalizm mərkəzlərindən biri hesab olunur. Yurdumuzda tarixən müxtəlif məzhəblər və dinlər arasında qarşılıqlı hörmət və həmrəylik mövcud olub. Dini-milli tolerantlıq ənənəsi Azərbaycan xalqının ən qiymətli dəyərlərindəndir. Azərbaycan fərqli məzhəblərə mənsub dindarların birlikdə ibadət etdikləri az sayda müsəlman ölkələrindən biridir. Ölkəmizdəki dinlərarası və məzhəblərarası münasibətlər modeli dünyanın bir çox müsəlman ölkəsi üçün nümunədir. Azərbaycanda həyata keçirilən din siyasətinin prioritetlərini bütün vətəndaşların, o cümlədən dini azlıqların etiqad azadlığını təmin etmək və dini təhlükəsizliyin tərkib hissəsi olan tolerantlığı bərqərar etməkdir. 

Ötən gün Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadənin İnsan Qardaşlığı Ali Komitəsinin Baş katibi Məhəmməd Əbdül Salamla görüşü zamanı da Azərbaycandakı tolerant mühit və multikultural dəyərlər barəsində geniş bəhs edilib. Əbdül Salam Şeyxülislam A.Paşazadənin dinlərarası və sivilizasiyalararası əməkdaşlıq sahəsində dərin təcrübə və əlaqələri, dünya miqyasında nüfuz və etimadı barədə geniş məlumata malik olduğunu bildirib. O, rəhbərlik etdiyi qurumun Azərbaycanla əməkdaşlıq qurmaq istəyini açıqlayıb. 

Məhəmməd Əbdül Salam İnsan Qardaşlığı Ali Komitəsində olduğu kimi, Müsəlman Ağsaqqaları Şurasındakı yeni vəzifəsində də Şeyxülislam kimi islam aləminin rəmzi, mötədil islam təmsilçisi olan bir şəxsiyyətlə bilavasitə ünsiyyətə, onun təcrübəsindən yararlanmağa ehtiyac duyduğunu bildirib. Habelə Qafqaz Müsəlmanları İdarəsi ilə əməkdaşlığın yeni aspektlərini müzakirə etmək niyyətində olduğunu söyləyib. Azərbaycanda multikulturalizmin dövlət siyasəti olduğu və dövlət rəhbərliyinin dinlərarası dialoq və əməkdaşlıq yönündə qlobal təşəbbüslərlə çıxış etdiyi barədə ətraflı danışan Şeyxülislam ölkəmizdə din-dövlət münasibətlərinin yüksək səviyyəsi, Azərbaycanın dünya dini liderlərinin sammitlərinə, dəyərli forumlara ev sahibliyi etməsindən bəhs edib. QMİ sədri deyib ki, qurum nəzdində fəaliyyət göstərən Bakı Beynəlxalq Dinlər və sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin Müsəlman Ağsaqqalları Şurasının dünyada sülh, bəşər ailəsində dinc yanaşı yaşamaq və qarşılıqlı anlaşma yönündə səylərinə dəstək verməyə hazır olduğunu deyib. 

A.Paşazadə Azərbaycanın erməni işğalından azad olunmuş Qarabağ torpaqlarında vandalizmə məruz qalmış dini-mənəvi abidələrin yenidən qurulması, bərpası, şəhər və kəndlərə yeni həyat verilməsi istiqamətində dövlət tərəfindən həyata keçirilən genişmiqyaslı, misilsiz quruculuq işləri barədə məlumat verib. QMİ sədri bildirdi ki, erməni ekstremistlər qəsb etdikləri Azərbaycan torpaqlarında vandalizm aktları həyata keçirərək tarixi, dini və mədəniyyət abidələrimizi məhv ediblər. Məscidlərimizə qarşı həqarətlər həyata keçiriblər. Təəssüf ki, dünya birliyi, beynəlxalq təşkilatlar bu həqiqətləri görməzdən gəlməkdə davam edirlər. Düşmən xalqımızın mədəni irsinə, dini-mənəvi abidələrinə qarşı mədəni soyqırım həyata keçirib. Qəbiristanlıqlarımızı yerlə-yeksan etmiş ermənilərin törətdikləri göz qabağında olduğu halda Avropa Parlamenti bu günlərdə Qarabağda guya erməni mədəni irsinin məhv edilməsi barədə qətnamə qəbul edib. 

Salam QMİ sədrinin dünya miqyasında insan qardaşlığına xidmət edən uzun müddətli, dəyərli fəaliyyətinə görə dərin minnətdarlığını bildirib. O, Əl-Əzhər Şeyxi Əhməd Əl-Tayyibin salamlarını A.Paşazadəyə çatdırmaqdan şərəf duyduğunu ifadə edib. Məhəmməd Əbdül Salam məlumat verib ki, Roma Papası Fransisk və Əl-Əzhərin Şeyxi Əhməd Əl-Tayyibin də iştirak edəcəyi nəzərdə tutulan mötəbər bir tədbir planlayırlar. Böyük ehtimalla 2023-cü ilin yanvarında Bəhreyndə baş tutacaq Şərq-Qərb formatlı konfransda səmavi dinlərin təmsilçilərinin iştirakı nəzərdə tutulur. M.Ə.Salam bildirib ki, Şeyxülsilam A.Paşazadəyə bu yaxınlarda həmin mötəbər konfransda iştirakla bağlı dəvət məktubu yönləndiriləcək. 
Əbdül Salam vurğulayıb ki, Ali Komitə İnsan Qardaşlığı Sənədində göstərilən məqsədlər daimi əsaslarla fəaliyyət göstərərək yerinə yetirmək üçün yaradılıb, məramı dinlər və mədəniyyətlər arasında qarşılıqlı hörmət və birgə dinc yaşayış dəyərlərini təşviq və təbliğ etməkdir. Azərbaycan dövlətinin dünyada insan həmrəyliyi yönündə sülhpərvər səylərini qeyd edən qonaq tolerant ənənələr ölkəsi Azərbaycanı çox sevdiyini və Müsəlman Ağsaqqallar Şurasının növbəti toplantılarından birini məhz Azərbaycanda təşkil etmək niyyətində olduğunu bildirib. 

QMİ sədri isə öz növbəsində xüsusi qeyd edib ki, Azərbaycan İnsan Qardaşlığı Ali Komitəsinin ideyalarını özündə yaşadan, tolerant, multikultural ənənələri olan ölkədir. O bildirib ki, Azərbaycan dövləti Prezident və Birinci vitse-prezident səviyyəsində dəstəklənən təşəbbüslər, qlobal əhəmiyyətli səylər sayəsində dinlərarası dialoq və əməkdaşlıq sahəsinə böyük töhfələr verir. Dünyada insan həmrəyliyinə real dəstək verən layihə və təşəbbüslərdə fəal iştirak edir. 

QMİ nəzdində bu məramla 2017-ci ildə təsis olunmuş Bakı Beynəlxalq Dinlər və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin Himayədarlar və Məşvərət Şuralarında xeyli sayda dünyaca tanınmış şəxsiyyətlərin, dini lider və ictimai xadimlərin yer aldığını bildirən Şeyxülislam A.Paşazadə Vatikan, habelə Əl-Əzhər yetkililərinin bu sırada olmalarından məmnun olduğunu qeyd edib. 
Şeyxülislam Əbu-Dabidə İnsan Qardaşlığı Sənədinin imzalanması mərasimində şəxsən iştirak etdiyini fəxarətlə xatırladaraq bu sənəddən irəli gələn fəaliyyətlərdə, orada əksini tapan ideyaların təbliği və təşviqində iştirak etməyin böyük önəm daşıdığını bildirib. A.Paşazadə Azərbaycanın apardığı Vətən müharibəsi dövründə Əl-Əzhərə ünvanladığı məktublarda bu haqlı, ədalətli mücadilə barədə, habelə işğalda olan ərazilərimizdə törədilmiş erməni vandallığının miqyas və detallarına dair ətraflı məlumat verdiyini xatırladıb. Azərbaycana dəstək nümayişinə, qazandığımız tarixi Zəfər münasibətilə təbriklərə görə təşəkkürünü ifadə edib. M.Ə.Salam növbəti səfərlərinin planlaması zamanı əvvəlcədən bu ziyarətin nəzərdə tutulacağını məmnunluqla bildirib. 

Millət vəkili Ceyhun Məmmədov “Şərq”ə deyib ki, Azərbaycan dünyada tolerantlığın və multikultural dəyərlərin mərkəzi hesab olunur. Deputat vurğulayıb ki, hazırda ölkəmizdə bütün inanclar, dini etiqadlar qarşılıqlı anlaşma şəraitindədir. Bir sıra Avropa ölkələrində bu istiqamətdə ciddi problemlər yaşanır. 

Amma Azərbaycanda dini və milli problemlər mövcud deyil. Ölkəmizə gələn bütün dini liderlər, beynəlxalq təşkilatların rəhbərləri sahib olduğumuz multikultural dəyərlərdən yüksək məmnunluq və heyrət ifadə edirlər. Dövlətimiz və xalqımız barədə xoş sözlər söyləyirlər.

 İstər Roma papası, istər rus provoslav kilsəsinin rəhbəri və digərləri hər zaman Azərbaycan haqqında müsbət fikirdə olublar. Bu sahədə dünyaya nümunə olan nadir ölkələrdənik. Hazırda Bakıda 3 provaslav kilsəsi, 2 yəhudi sinaqoqu, bir katolik kilsəsi, bir erməni kilsəsi 5000 ədəbiyyat nümunələri ilə birlikdə qorunur. Əlbəttə, bu sahədə Azərbaycanla Ermənistanın müqayisə edilməsi absurddur. Amma Azərbaycana münasibətdə Qərb təşkilatlarının qeyri-adekvat mövqe sərgiləməsinin, ölkəmizin olmayan “erməni irsinə ziyan vurmaqda” suçlanmasının kökündə Avropanın ikili standartları və açıq-aşkar qərəzidir. Ermənistanın uzun illər boyu apardığı yalan kampaniyasından qaynaqlanan ədalətsiz yanaşmanın tərkib hissəsidir. Erməni diasporası Azərbaycan əleyhinə durmadan təbliğat aparır və təəssüf ki, bir sıra beynəlxalq qurumları da öz çirkin məqsədlərinə alət edirlər”. 

Parlament üzvü vurğulayıb ki, Azərbaycanı gözü götürməyən və uğurlarımızı qısqanan qüvvələr hər cür addıma əl atırlar:

 “Ermənilər işğal müddətində Qarabağda 67 məscidimizi darmadağın ediblər. Alban kilsələrini saxtalaşdırmağa, “erməni abidələrinə” çevirməyə cəhd göstəriblər. İrəvanda Azərbaycana məxsus məscidlərimiz də yerlə-yeksan edilib. Lakin Azərbaycanda müxtəlif bölgələrdə kilsələr dövlət tərəfindən qorunur. Qəbələnin üç kəndində alban kilsəsi var və udi icması fəaliyyət göstərir. Amma Ermənistan kimi ölkələrdə bundan danışmaq yersizdir”.