Mir Mövsüm Ağa Ziyarətgahında qeyri-adi QADAĞA: “Qurumlar hərəkətə keçməlidir”

Mir Mövsüm Ağa Ziyarətgahında insanların öz qurbanlarını kəsmələrinə icazə verilmir. Bununla bağlı ziyarətgaha gedən vətəndaşlar sosial şəbəkələrdə məlumat paylaşıblar. Qeyd edilir ki, ziyarətgaha gedənlər qurbanlıq heyvan aparsalar da, Hacı Nizam adlı ziyarətgah nümayəndəsi kənardan gətrilən heyvanın kəsilməsinə icazə verməyib. Hacı Nizam ziyarətgahda yalnız burada saxlanılan heyvanların qurban kəsilə biləcəyini qeyd edib.

Üstəlik, həmin şəxsin ziyarətgahda yalnız 8 aylıqdan yuxarı, 10 kq-dan çox olan heyvanın qurban kəsilməli olduğu ilə bağlı qayda tətbiq etdiyi də bildirilir. Ziyarətgah daxilində isə heyvanların qiyməti bahadır. Bu məsələ ziyarətgaha üz tutan insanların ciddi narazılığına səbəb olub.

Son günlər aktual problemə çevrilən məsələ ilə bağlı “Sherg.az”a danışan şərqşünas Seyid Camal Əzimbəyli bildirib ki, dəqiq məlumatı yoxdur, amma  belə bir hal varsa, təbii ki, bu yolverilməzdir:

“Çünki Azərbyacan xalqı  milli, mənəvi, dini dəyərlərə bağlıdır. Azərbaycan dövləti  dünyəvi dövlət olsa da, qürurvericidir ki, mənəvi dəyərlərimizin , mədəni irsimizin təəssübkeşidir. Əgər belə bir hadisə varsa, Azərbaycanın aidiyyəti qurumları  bu məsələnin üzərinə mütləq getməlidir”.

S.Əzimbəylinin fikrincə, belə  zamanlarda insanlardan istifadə edənlər də var:

“Ümumiyyətlə, mən düşünürəm ki, ölkədə Azərbaycan xalqının sevgili peyğəmbərimizə, onun mübarək ev xalqına, əhli-beytə sevgisi və sayğısı dünyanda özünü islam  təəssübkeşi sayan ölkələr ilə müqayisə olunmaz dərəcədə üstünlük təşkil edir. Amma bu sevgidən, mərhəmət duyğusundan “məharətlə” istifadə edənlər də var. Düşünürəm ki, bunun  tənzimlənməsi üçün aidiyyəti qurumlar bu problemi yerindəcə həll etməlidir. Çünki xüsusi olaraq, mübarək aylarda, günlərdə, Quranın baharı olan Ramazanda insanların dini duyğularının  daha çox alovlandığı, mərhəmət duyğularının pərvazlandığı vaxtlarda təbii ki, bundan istifadə etmək yol verilməzdir.

Konkret olaraq, belə bir hal varsa, öncə ziyarətgahın rəhbərliyi dərhal bu məsələni yerində həll etməlidir. İkincisi isə dövlətin aidiyyəti qurumları bu məsələni köklü şəkildə həllinə nail olmalıdır”.